Siyasət

2012-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin komitələrində müzakirə olunub

16-11-2011 | 16:50        

  

Gələn il ölkənin bütün əsas sahələri üzrə ayrılan büdcə vəsaitlərinin həcmi artırılacaq. 2012-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin təhlükəsizlik və müdafiə, iqtisadi siyasət, təbii ehtiyatlar, energetika və ekologiya, aqrar siyasət komitələrinin birgə iclasında müzakirə olunub. 2012-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi ölkədə bütün prioritet hədəflərə cavab verən və maliyyə təminatı yaratmağa qadir konsepsiyadır. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə büdcənin müsbət cəhətlərini qeyd edərkən bildirib ki, bu gün ölkəmiz kifayət qədər maliyyə imkanlarına sahibdir. Növbəti ilin büdcə layihəsi də bu imkanlara, həmçinin “Büdcə sistemi haqqında” qanunvericiliyə, ölkənin əsas makroiqtisadi proqnoz göstəricilərinə, mövcud sosial-iqtisadi vəziyyətə əsaslanmaqla tərtib olunub. Layihə barədə məlumat verən maliyyə naziri Samir Şərifov gələn ilin əsas proqnoz göstəricilərini diqqətə çatdırıb. 2012-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində proqnozlaşdırılır ki, bu da 2011-ci illə müqayisədə 1,1 faiz çoxdur. Mütləq ifadədə isə 16 milyard 436 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz çox nəzərdə tutulur.

Gələn ilin dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 39,1 faiz həcmində nəzərdə tutulub ki, bu da 2011-ci illə müqayisədə 1,5 faiz çoxdur. Mütləq ifadədə dövlət büdcəsinin xərcləri 16 milyard 984 milyon manat olacaq. Bu isə 2010-cu ilin icrası ilə müqayisədə 44,4 faiz çoxdur. Dövlət Neft Fondundan büdcəyə transfertin məbləği 9 milyard 905 milyon manat proqnozlaşdırılır. Gəlirlərin hesablanmasında 1 barel xam neftin satış qiyməti 80 dollar səviyyəsində müəyyənləşdirilib. Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2012-ci il dövlət büdcəsi xərclərində iqtisadi fəaliyyət xərcləri 56,3 faiz, nəqliyyat və rabitə xərcləri 24,9 faiz, təhsil xərcləri 12,6 faiz, sosial müdafiə və sosial təminat xərcləri 10,5 faiz, elm xərcləri 7 faiz, səhiyyə xərcləri 5,7 faiz artımla proqnozlaşdırılıb. Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müdafiə xərclərinə ümumi xərclərin 14,8 faizi həcmində vəsait ayrılacaq ki, bu da 2011-ci ilə nisbətən 1,9 faiz çoxdur. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün 2011-ci ildə əmək haqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımının təminatı, cari ilin sonuna gözlənilən artımın tətbiqi hesabına 2012-ci ilin dövlət büdcəsində 800 milyon manat vəsait nəzərdə tutulub. İlk dəfə olaraq növbəti ilin büdcəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının icrası üçün 20 milyon manat vəsait ayrılacaq. Gələn ilin dövlət büdcəsinin xarakterik müsbət meyillərindən danışan Hesablama Palatasının sədri Heydər Əsədov dedi ki, palatanın 2012-ci il büdcə layihəsi ilə bağlı Milli Məclisə təqdim etdiyi yekun rəydə müxtəlif aspektlərə və parametrlərə uyğun əhatəli təhlillər aparılıb. Növbəti ilin büdcə layihəsinin də əsas ideologiyası ölkənin iqtisadi strategiyasının, prioritet hədəflərin maliyyə təminatını yaratmaqdır. 2012-ci ilin dövlət büdcə gəlirlərinin 5,7 faiz, xərclərinin 6,5 faiz artması və bunun ümumi iqtisadi artımı üstələməsi deməyə əsas verir ki, gələn ilin büdcəsi nəinki hədəflərin maliyyə təminatını yaradacaq, eləcə də iqtisadi inkişafa dəstək verəcək. Yəni növbəti ildə də fiskal siyasət iqtisadi atımın dəstəklənməsi mexanizmi kimi çıxış edəcək.

Bizim təhlillər göstərir ki, gələn il də vergi gəlirlərinin 60 faizdən çoxunun qeyri-neft sektorundan əldə edilməsi.

Hesablama Palatasının sədri büdcənin əsas müsbət əlamətlərindən birinin də onun ilbəil şəffaflığının artırılmasının olduğunu deyib. Əlavə edib ki, investisiya xərclərinin ünvanlı verilməsi isə büdcənin yeniliklərindədir.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, vergilər nazirinin müavini Natiq Əmirov, qiymətli kağızlar üzrə dövlət komitəsinin sədri Rüfət Aslanlı və millət vəkilləri çıxışlarında müxtəlif sahələrdə artan büdcə proqnozlarından danışıblar. 2012-ci ilin büdcə proqnozlarının həm də Azərbaycanın ümumilikdə gələcək inkişafı üçün hesablanmasını doğru hal kimi xarakterizə ediblər. İclasa yekun vuran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə növbəti illərdə də büdcə vəsaitləri artdıqca bunun əhalinin rifah halının daha yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə  sirayət edəcəyini dedi. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.