Xarici xəbərlər

Ermənistanda kecirilən növbədənkənar parlament seçkilərində yüzlərlə saxtakarlıq faktı qeydə alınıb

10-12-2018 | 10:59        

  

Ermənistanda növbədənkənar parlament seçkilərində yüzlərlə saxtakarlıq faktı qeydə alınıb. Seçici fəallığı da aşağı olub. Vanadzora seçkilərdə nəzarətin həyata keçirilməsi üçün İrəvandan əlavə polis qüvvələri göndərilib.  Gərgin keçən seçki prosesinin yekununda gözlənildiyi kimi “Mənim addımım” bloku qalib olub. Keçmiş hakim “Respublika Partiyası” isə 4,7 faiz səs toplayaraq 5 faiz həddini aşa bilməyib.

Ermənistanda dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkiləri kütləvi saxtakarlıq və seçici fəallığının aşağı olması ilə yadda qalıb. Seçicilərin cəmi 48,63 faiz səsvermədə iştirak edib. Ötən il təşkil edilən parlament seçkilərində isə bu göstərici 60,86 faizə bərabər olub. Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan məlumat verib. Seçici fəallığının aşağı olması vətəndaşların seçkiyə şübhə ilə yanaşmasından irəli gəlib. Ermənistan Müdafiə Nazirliyi “qaynar xətt” üzrə səsvermə prosesində pozuntular barədə 119 məlumat alıb. Nazirliyin mətbuat katibi Artsrun Ovanisyan belə deyib. Onun sözlərinə görə, qanun pozuntuları seçkilərin təşkili, hərbçilərin səsvermə məntəqələrinə gətirilməsi və məzuniyyətdə olan hərbi qulluqçuların səsverməsi ilə bağlı olub. Bundan başqa, Ermənistan İstintaq Komitəsi növbədənkənar parlament seçkilərində səsvermə zamanı qanun pozuntularına dair 67 şikayət qeydə alıb. Ermənistanın Baş prokurorluğundan isə bildirilib ki, seçkilər zamanı 65 pozuntu ilə bağlı məlumata baxılıb, onlardan 32-si cinayət tərkibli olub. Hüquq-mühafizə orqanları da Ermənistanda 144 şikayət qeydə alıb. Məlumata görə, 26 hadisədə cinayət tərkibinin əlamətlərinin olduğu müəyyənləşdirilib, digərləri isə hazırda yoxlanılır. Pozuntuların 26-sı İrəvanda, qalanları Ermənistanın vilayətlərində qeydə alınıb. “Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir”. “Respublika” partiyasının proporsional siyahısına daxil edilən David Şahnazryan belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə, seçkiqabağı qısa təbliğat kampaniyası zamanı Paşinyanın tərəfdarları digər namizədlərə qarşı hədələr səsləndirib, hakimiyyət qüvvələri tərəfindən zorakılıq halları qeydə alınıb. Jurnalistlərin keçmiş seçkilərdə daha ciddi pozuntuların olması ilə bağlı iradlarına David Şahnazaryan, “amma o zaman hakimiyyət demirdi ki, bu, qalaktikada ən ədalətli seçkilərdir” cavabını verib. Ermənistanın sabiq prezindenti Serj Sarkisyan da səsvermədə iştirak edib. Sonuncu seçkidə olduğu kimi bu dəfə də tanıma qurğusu onun barmaq izini müəyyən edə bilməyib. Sarkisyan şəhadət barmağını qurğunun sensoruna toxundursa da, sistem bu adda seçicini tanımayıb. Ona görə də o, barmaqlarının hamısını bir-bir qurğuya tanıtdırmağa məcbur olub. Bundan başqa səsvermədən sonra jurnalistlərin suallarına cavablandırmayan Sarkisyan  maşına əyləşərkən bir qrup vətəndaş tərəfindən təhqirlərə məruz qalıb.  Vanadzora isə seçkilərdə nəzarətin həyata keçirilməsi üçün İrəvandan əlavə polis qüvvələri göndərilib. Loriysk vilayətinin polis idarəsinin rəisi Aram Kzaryan  məlumatı təsdiqləyib. Seçkilərdə 9 partiya və 2 blok iştirak edib. Prosesi 70 yerli və 32 xarici KİV izləyib. Seçkilərə həmçinin 8 beynəlxalq və 22 yerli təşkilatlardan müşahidəçilər nəzarət edib. Gözlənildiyi kimi Ermənistanın baş naziri salahiyyətinin icraçısı Nikol Paşinyanın “Mənim addımım” bloku bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43%-ni toplayır. Həmçinin seçkilərin yekununa görə, “Çiçəklənən Ermənistan” və  “İşıqlı Ermənistan” partiyaları parlamentə keçir. Keçmiş hakim Respublika Partiyası isə 4,7 faiz səs toplayaraq 5 faiz həddini aşa bilməyib. “Daşnaksutün” fraksiyası seçicilərin 3,89 % səsini toplaya bilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR