Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

10-12-2018 | 10:31        

  

Sabiq prezident Nikola Sarkozi: “Siyasətə qayıtmağa məcbur olacağam”

Fransada keçirilmiş son etiraz aksiyalarının ölkəyə küli miqdarda maddi ziyan vurduğu bildirilir. Xüsusi ilə də paytaxt Parisdəki toqquşmaların nəticəsi çox ağır olub. Mağazalara, şəxsi avtomobillərə, müxtəlif tarixi abidələrə, o cümlədən də Parisin məhşur “Zəfər tağı”na ciddi ziyan dəyib. Paris küçələri sanki döyüşdən sonrakı cəng meydanını xatırladır. Paytaxtın respublika prokuroru Remi Heytz bəyan edib ki, qanunu pozanlara qarşı sərt tədbirlər görüləcək.

Fransa Jandarmeriyasının rəsmi nümayəndəsi  Madi Şörer bildirib ki, onların 65 min nəfər əməkdaşı aksiyaların qarşısının alınmasında iştirak edib. Onun sözlərinə görə demək olar ki, ölkə üzrə bütün rezerv qüvvələr də bu prosesə cəlb olunub. Bu gün, son zamanlarda bütün bu hadisələrin fonunda nüfuzu kəskin şəkildə aşağı düşən prezident Emmanuel Makronun xalqa müraciət edəcəyəi gözlənilir. Bu arada ölkənin sabiq prezidenti Nikola Sarkozi siyasətə qayıtmağa məcbur ola biləcəyi ilə bağlı açıqlama verib. “le Parisien”in mənbələri bu haqada məlumatları mediaya sızdırıblar. Xatırladaq ki, hələ ötən ilin sonlarında Nikola Sarkozi Emmanuel Makronun siyasətini sərt şəkildə tənqid etmiş, həyata keçirilən kursun səhv olduğunu, Makronun siyasətinin fransızların bütün təbəqələrinin maraqlarını əhatə etmədiyini vurğulamışdı.

Dekabrın 10-11-də Mərakeşdə BMT-nin miqrasiya paktının imzalanması ilə bağlı konfrans keçiriləcək

Dekabrın 10-11-də Mərakeşdə BMT-nin təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyaya dair qlobal paktının imzalanması ilə bağlı hökumətlərarası konfrans keçiriləcək. Bir sıra ölkələr bu ilin iyulunda qəbul edilmiş sənədi imzalamaqdan imtina etsə də, konfransda 150-dən çox ölkədən nümayəndələrin iştirak edəcəyi gözlənilir. Miqrasiya paktının qəbul edilməsi ideyası 2016-cı ildə BMT Baş Assambleyasında aparılan debatlar zamanı yaranıb. 18 ay davam edən müzakirələrin yekunu olaraq bu ilin iyulunda 34 səhifəlik pakt 192 ölkə ölkə tərəfindən razılaşdırılıb. 23 hədəfin əks olunduğu sazişdə miqrantların xilası, nizamlanan miqrasiya üçün mümkün yolların təmin olunması, qaçaqmalçılıqla mübarizə, diskriminasiyanın aradan qaldırılması kimi məsələlər yer alıb. Qlobal pakt heç bir hüquqi qüvvəyə malik deyil. Dövlətlər öz miqrasiya siyasətlərini müəyyənləşdirmək və qanunları çərçivəsində miqrasiyanı nizamlamaq hüququnu özlərində saxlayır. Qeyd edək ki, bir sıra ölkələr - ABŞ, Avstraliya, Avstriya, İtaliya, Çexiya, Macarıstan, Xorvatiya, Bolqarıstan, Latviya, Polşa, Slovakiya və Sloveniya sənədi imzalamaqdan imtina edib.

Yol qəzası nəticəsində 13 nəfər ölüb, 20 adam xəsarət alıb

Kolumbiyanın qərbində ağır yol qəzası baş verib. Valye-del-Kauka departamentində sürücünün nəzarətindən çıxan avtobusun aşması nəticəsində 13 nəfər ölüb, 20 adam xəsarət alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar da var. Qəzaya avtobusun əyləc sistemində yaranan texniki nasazlığın səsəb  olduğu ehtimal edilir. Qeyd edək ki, yol qəzaları Kolumbiyada hər il minlərlə insanın həyatına son qoyur. 2017-ci ildə bu ölkədə baş verən yol-nəqliyyat hadisələrində 6700-dən çox  adam həlak olub. 

Çovğun ciddi fəsad törədib

ABŞ-ın cənub-şərqində qasırğa və çovğun  ciddi fəsad törədib. Təbiət hadisəsi nəticəsində 1 nəfər həlak olub, çox sayda adam xəsarət alıb.  Corciya, Alabama, Şimali və Cənubi Karolina, Tennessi və Virciniya ştatlarında 540 mindən çox istifadəçi elektrik enerjisiz qalıb. Bəzi ərazilərdə qarın qalınlığı 40 sm-ə çatıb. Əlverişsiz hava nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.  Əlaqədar qurumlar yollarda   yüzlərlə qəzanın baş verdiyini açıqlayıb. Xilasetmə xidmətində minlərlə müraciət daxil olub. Qatarların hərəkətində ləngimələr qeydə alınıb.  Hava limanlarında isə 2 mindən çox uçuş təxirə salınıb. Hidro-meteoroloqlar əlverişsiz havanın davam edəcəyini proqnozlaşdırıblar. Bəzi ərazilərdə daşqınların baş verə biləcəyi ilə bağlı sakinlərə xəbərdarlıq edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR