Cəmiyyət

İrpen şəhərində akademik Zərifə Əliyeva adına orta məktəbin 23 illiyi qeyd edilib

10-12-2018 | 10:28        

  

Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin yaranmasının 23 illiyinə və görkəmli oftalmoloq alimin elmi fəaliyyətinə həsr olunan  tədbir keçirilib.

2015-ci ildən görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta ümumtəhsil məktəbi dəqiq elmlərin tədris mərkəzi kimi tanınsada, burada İngilis, Çin, Fransız və  digər xarici dillər də yüksək səviyyədə  tədris edilir. Təhsil ocağının yaranmasının 23 illiyi münasibəti ilə bağlı keçirilən tədbirdə məktəbin direktoru Valentina  Antonenko həyatını tibb elminin inkişafına həsr edən akademik Zərifə Əliyevanın zəngin ömür yolundan bəhs etdi. O, 13 xarici dilin tədris olunduğunu məktəbin  Zərifə Əliyeva kimi elm fədaisinin adını daşımasından qürur  duyduğunu bildirib.

Azərbaycan və Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov bu məktəbin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Tədbirdə görkəmli akademik elmi fəaliyyəti haqqında geniş məlumat verildi. Qeyd edildi ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə Əliyeva əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrilib. Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii hissə ilə başa çatdı.