İqtisadiyyat

Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət evi açılıb

07-12-2018 | 11:54        

  

“Made in Azerbaijan brendinin təşviqi üçün həyata keçirilən layihənin növbəti ünvanı Polşanın paytaxtı Varşava şəhəri olub. Varşavada Azərbaycan Ticarət evi açılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evləri yaradılır. Bu dəfə Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, yerli məhsullarımızın ixracının təşviqi və genişləndirilməsinə dəstək verəcək, Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olundu. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycanın 30-a yaxın şirkətinin istehsal etdiyi  məhsullar nümayiş olunur. “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması ilə əlaqədar təşkil edilən tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, Polşada Ticarət Evinin açılması dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin və Polşada Azərbaycan məhsullarına marağın göstəricisidir. Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi də məhz ötən il Polşada təyin olunub. Vurğulanıb ki, strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Polşa əlaqələri uğurla inkişaf edir. Şahin Mustafayev diqqətə çatdırdı ki, bu ilin ilk 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artıb. İndiyədək Polşa Azərbaycana 20 milyon dollardan çox, Azərbaycan isə Polşaya 6,5 milyon dollar investisiya yatırıb. Hazırda Azərbycanda xidmət, sənaye və ticarət sahələrində Polşanın 21 şirkəti fəaliyyət göstərir. Əməkdaşlığın inkişafı perspektivlərindən danışan İqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə böyük potensialı diqqətə çatdırdı. Polşanın Sahibkarlıq və texnologiyalar naziri Yadviqa Emileviç Varşavada “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğuladı.

Polşanın Xarici İçlər nazirinin muavini Maçiej Lang isə çıxışında bu il müstəqilliyinin 100 illiyini qeyd edən hər iki ölkənin tarixi köklərə əsaslanan dostluq münasibətlərindən danışdı. Azərbaycan Ticarət evinin hər iki ölkə arasında iqtisadi-mədəni əlaqələrin daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etdi. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iş adamlarını yaradılan imkandan yararlanmağa dəvət etdi. Sonra tədbir iştirakçıları “Azərbaycan Ticarət Evi” və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış oldular.

Tədbir çərçivəsində “Azərbaycan Ticarət Evi” ilə Polşanın “STX ONE” şirkəti arasında fındıq və nar şirəsi konsentratının satışına dair Anlaşma Memorandumu imzalandı.

Polşaya səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Polşanın Sahibkarlıq və texnologiyalar naziri Yadviqa Emileviçlə görüşdü. Görüşdə Polşanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu vurğulandı.