Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət də sabit deyil

07-12-2018 | 11:15        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət də sabit deyil. Kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər hökumət binası qarşısında aksiya keçiriblər. Almaniyanın nüfuzlu “Deutschlandfunk” ictimai radiosu  isə Ermənistandan xaricdə  qeyri-qanuni işləyən erməni miqrantın ağır həyat tərzindən bəhs edib.

İrəvanda bir qrup kiçik və orta sahibkarlıqla məşğul olan şəxs hökumət binası qarşısında aksiya keçirib. Etirazçılar baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanla görüşməyə cəhd etsələr də buna nail ola bilməyiblər. Onların sözlərinə görə 7 ay əvvəl Ermənistanda baş verən “məxməri inqilab”ın iştirakçısı olublar. Həmin vaxt Paşinyanı dəstəkləyiblər. Ümid ediblər ki, inqilabdan sonra köhnə sistem dəyişəcək. Amma bunun əksi baş verib. Əgər ilin əvvəlində işlətdikləri mağazalara görə 500 dram icarə haqqı ödəyirdilərsə indi onlardan 2000 dram tələb olunur. Ermənilər ölkə xaricində də ağır şərtlər altında yaşayırlar. Bunu isə Almaniyanın nüfuzlu “Deutschlandfunk” ictimai radiosu deyir. Radionun  internet səhifəsinin xəbərlər bölməsində müəllifi Kristof Kerstinq olan “Xaricdə ağır işlər” başlıqlı məqaləsində bildirilir ki, ailə başçılarının əksəriyyəti Ermənistanda işləmək ümidi ilə yaşayır. Ermənistandakı acınacaqlı sosial və iqtisadi vəziyyət Tumasyan ailəsinin nümunəsində şərh olunur. Məqalədə “Tumasyanların iki azyaşlı uşağının olduğu, onların tələbatını ödəmək məqsədilə 10 ildir ki, xaricdə  tikinti obyektlərində qeyri-qanuni olaraq  çalışdıqları bildirilir. Onların Gümrü şəhərinin kənarında yerləşən 19-cu əsrdə inşa edilən birmərtəbəli evləri var.  Müəllif  ailəni ziyarət etməyə gələn yaxın qohumlarından öyrənib ki, Ermənistanda  iş yoxdur və bu böyük problemdir. Ona görə də hər kəs ölkədən qaçmağa can atır. Jurnalist Tumasyan ailəsində olarkən xaricdə qeyri-qanuni işləyən ailə başçısı ilə internet vasitəsilə əlaqə yaradır və o,  işi haqqında danışır. Sitat: “Biz burada, tikinti sahəsində yerləşən bir otaqda altı nəfərik və hamımız Ermənistandanıq. Elə işlədiyimiz yerdə yatırıq. 12 saat işləyirik və bizə ay ərzində bir gün istirahət verilir. Bu işə görə hər ayın sonunda 400 avro maaş alıram. Çox azdır, amma nə etmək olar?!” Sitatın sonu. Ermənistanda miqrasiya problei “məxməri” inqilabdan sonra da həllini tapmayıb. Əksinə hökumət dəyişikliyindən 7 ay keçsə də ölkəni 10 min 700-ə yaxın vətəndaş tərk edib.