Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

07-12-2018 | 11:08        

  

“Akvarius” gəmisi Aralıq dənizində miqrantların xilas edilməsi əməliyyatlarını dayandırıb

“Akvarius” gəmisi Aralıq dənizində miqrantların xilas edilməsi əməliyyatlarını dayandırıb. Bu barədə “Sərhədsiz həkimlər” və “SOS Mediteranee” humanitar təşkilatları məlumat yayıb. Adıçəkilən qurumlar xilasetmə əməliyyatlarının dayandırılmasını Avropa ölkələri tərəfindən aparılan qarayaxma kampaniyası ilə əlaqələndirib. “Sərhədsiz həkimlər” təşkilatının yaydığı bəyanatda qeyd olunur ki, Avropa nəinki xilasetmə əməliyyatlarının aparılması üçün normal şərait yarada bilməyib, həm də insanların həyatını xilas etmək naminə başqalarının göstərdiyi səyləri sabotaj edib. Qeyd edək ki, 2016-cı ilin fevralından fəaliyyət göstərən “Akvarius” gəmisi Aralıq dənizində on minlərlə miqrantı xilas edib. Hesablamalara görə 2018-ci ildə Aralıq dənizində 2133 miqrant həlak olub.

Etiraz aksiyalarının qarşısını almaq üçün 65 000 nəfər səfərbər olunub

Fransada “Sarı gödəkçəli”lər hərəkatı ilə yanaşı litsey şagirdlərinin də etiraz aksiyaları davam edir. Etirazlar nəticəsində 200-dək litseyin fəaliyyətində problemlər yaranıb. Polis ölkə üzrə cümə axşamı təşkil olunmuş aksiyalarda iştirak edən 700-dək litsey şagirdini saxlayıb. Fransa KİV-nin yaydığı məlumata görə hüquq mühafizə orqanları tam gücü ilə “Sarı gödəkçəli”lərin şənbə gününə nəzərdə tutulmuş etiraz aksiyasına hazırlaşır. Ölkə üzrə demək olar bütün xüsusi təyinatlılar, polis və jandarmeriya səfərbər olunub. Polislərlə yanaşı əlavə 12 min nəfər xüsusi təyinatlı polis iğtişaşların qarşısının alınması üçün cəlb olunacaq. Ümumilikdə isə səfərbər edilmiş polis və jandarmların sayı 65 min nəfərdən çoxdur. Bu dəfəki aksiyalarda saxlananları yerindəcə dindirmək üçün prokurorluq səyyar qruplar yaradıb. Bu qruplar bütün ölkə üzrə eyni vaxta 500-dən çox adamı dindirə bilər. Bundan başqa, barrikadaların dağıdılması üçün paytaxta zirehli avtomobillər də  gətiriləcək. Sarı gödəkçəlilər şənbə günü Bastilya meydanına tolaşmaq niyyətindədirlər. Bununla yanaşı aksiyaların Eyfel qülləsi ətrafında da keçiriləcəyi istisna edilmir. Ölkədə etirazlar fonunda prezident Emmanuel Makron və Baş nazir Eduiard Filipin reytinqləri tarixi minimuma enib. Les Echos saytının keçirdiyi sorğuya əsasən fransızların cəmi 23%-i dövlət və hökumət başçılarına etimad edir. Son 4 ayda prezidentin reytinqi 13 bənd azalıb.

Afina və Salonikidə etiraz aksiyaları iğtişaşlarla nəticələnib, onlarla adam saxlanılıb

Yunanıstanda Aleksis Qriqoropulos adlı yeniyetmənin polis tərəfindən öldürülməsinin 10-cu ildönümü ilə əlaqədar nümayişlər keçirilib. Paytaxt Afinada təşkil olunan aksiyada yüzlərlə adam iştirak edib. Əvvəlcə dinc başlayan aksiya qısa zamanda polislə iğtişaşlara çevrilib. Bir qrup nümayiş iştirakçısı asayiş keşikçilərinə daş parçaları və Molotov kokteyli atıb, bir avtomobilə od vurub. Polis onlara qarşı gözyaşardıcı qaz, səs qumbaraları və su şırnağından istifadə edib. Toqquşmalarda 2-si polis əməkdaşı olmaqla 3 nəfər xəsarət alıb. İğtişaşlarla əlaqədar 35 etirazçı saxlanılıb. Oxşar nümayişlər Saloniki şəhərində də keçirilib. Aksiya iştirakçıları şəhərdə yolları bağlayıb, polisə Molotov kokteyli atıblar. Asayiş keşikçiləri aksiyanı dağltmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Salonikidə 15 etirazçı polis tərəfindən saxlanılıb. Xatırladaq ki, 2008-ci il dekabrın 6-da Aleksis Qriqoropulos adlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi Yunanıstanda iğtişaşlara səbəb olmuşdu.

Helsinkidə ifrat sağçılar nümayiş keçiriblər

Finlandiyanın paytaxtı Helsinkidə ultrasağ təşkilatların çağırışı ilə nümayiş keçirilib. 300-dən çox ifrat sağçı şəhərin mərkəzinə doğru yürüş edib. Aksiya iştirakçıları Finlandiyanın müstəqillik gününü qeyd ediblər. Onlar irqçi və ksenofob şüarlar səsləndiriblər. Paralel olaraq ərazidə antifaşistlər də nümayiş keçiriblər. Tərəflər arasında toqquşmalar qeydə alınıb. Polis aksiyaya müdaxilə edib. Bir neçə etirazçının saxlanıldığı bildirilir.

Kaliforniyanın cənubunda daşqınla əlaqədar avtomobil yolları bağlanıb

ABŞ-ın Kaliforniya ştatının cənubunda leysanla müşayiət edilən qasırğa daşqına səbəb olub. Təbii fəlakətdən ən çox Berbank şəhəri ziyan çəkib. Sanset kanyonunda sellə əlaqədar bir neçə avtomagistral bağlanıb. Sürücülərə ehtiyatlı olmaq tövsiyə edilib. Fəlakət zonasına xilasetmə briqadaları cəlb edilib.