İqtisadiyyat

“Bakutel-2018” davam edir

07-12-2018 | 09:03        

  

24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” davam edir. Bu dəfə  Bakıda yerləşən uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası təşkil olunub.

“Bakutel-2018” sərgisində yerli və xarici şirkətlər son texnoloji yeniliklərini təqdim edirlər. Pavilyonların innovativ oyun zonası uşaqların xüsusilə diqqətini cəlb edir. Bu gün Bakı şəhərində yerləşən 2 və 3 saylı Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası təşkil olundu. Onlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin stendində təqdim olunan robotexnikaya xüsusi maraq göstərdilər. Startapçılar uşaqlara robotların yaradılması, onların idarə olunması barədə məlumat verdilər. “Azərmarka” MMC-yə məxsus stenddəki rəngarəng marka nümunələri azyaşlıların xüsusi diqqətini çəkdi. Uşaqlar sərgidə fəaliyyət göstərən digər pavilyonların innovativ oyun zonasında əyləndilər. Uşaqlara “Külək: Yer kürəsinin şahzadəsi”- Azərbaycanın ilk virtual reallıq kitabı hədiyyə olundu.

Ümumilikdə sərgidə elektron hökumət proqramı üzrə reallaşdırılan tədbirlər haqqında məlumat əldə etmək mümkündür. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyati Xidməti daşımalarda elektron xidmətlər təqdim edir. Bu layihələr hesabına yük sahibləri, sərnişinlərin əlavə vaxt itkisi aradan qaldırılıb, operativlik təmin edilib. Azərbaycanın ilk Regional Data Mərkəzi xidmətlərinin nümayiş olunduğu “AzInteTecom” MMC-nin stendi də diqqət çəkir. Yeni məhsullardan istifadəni maksimum asanlaşdırmaq üçün gələn ilin ortalarında istifadəyə veriləcək özünəxidmət platforması haqqında da sərgi iştirakçılarına ətraflı məlumat verilir. Bu platforma kiçik və orta sahibkarlar üçün biznes proseslərin rəqəmsallaşdırılmasında müsbət rol oynayacaq. Bu dəfəki sərgidə elektron ticarət ayrıca pavilyonla təmsil olunur.

Sərgi çərçivəsində müxtəlif təqdimat və seminarlar keçirilir.