Siyasət

"ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır"

07-12-2018 | 08:57        

  

ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır. Bu barədə ATƏT Nazirlər Şurasının 25-ci sessiyasında bildirilib.

Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından indiyədək Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş olmayıb. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdləri müşahidə edilir. 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını kobudcasına pozan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir. ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir. Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir.

Dekabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə çox mühüm və faydalı məsləhətləşmələrin keçirildiyini qeyd edən nazir deyib ki, il ərzində ilk dəfədir ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən birgə bəyanatı razılaşdırmağa nail olundu. Ən vacib məqamlardan biri əlbəttə ki, intensiv və nəticəyə yönəlik, o cümlədən yüksək səviyyədə danışıqların aparılmasıdır. “Ermənistanda seçkilər yekunlaşdıqdan və yeni hökumət formalaşdıqdan sonra biz gələn il ciddi irəliləyiş əldə etməli və bölgəyə sülh, sabitlik və tərəqqinin gətirilməsi imkanını yaratmalıyıq”.