Bölgələr

Gəncənin içməli su təchizatı yaxşılaşdırılır

06-12-2018 | 13:41        

  

Prezident  İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırığına uyğun olaraq regionlarda genişmiqyaslı layihələrin icrası uğurla davam etdirilir. Qərb bölgəsini su ilə təmin edən Şəmkirçay su anbarının istismara verilməsi ətraf şəhər və rayonların içməli su ilə təminatında böyük imkanlar yaradıb. Hazırda isə  su anbarının yaxınlığında sutəmizləyici qurğunun tikintisi aparılır. Bu qurğu istifadəyə verildikdən sonra Şəmkir, Samux və Gəncə şəhərlərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchizatı daha da gücləndiriləcək. Gəncənin su təminatının daha da yaxşılaşdırılması məqsədilə digər layihələr də həyata keçirilir. Yaşayış binalarının daxili su sistemləri yenidən qurulur,  köhnə kanalizasiya xətləri isə dəyişdirilir.  

Qərb bölgəsinin içməli və suvarma suyu ilə təminatında mühüm əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi ətraf şəhər və rayonların içməli su ilə təminatı üçün böyük imkanlar yaradıb. Ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetr olan su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkənin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Anbarın potensial ehtiyatı böyük olduğundan dayanıqlı içməli su təchizatı üçün etibarlı mənbə hesab edilir. Üstəlik, burada toplanan yerüstü suların təbii durulmadan keçməsi onun təmizlənməsində əlavə üstünlüklər yaradır. Bütün bunlar nəzərə alınaraq Şəmkirçay su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğunun tikintisinə qərar verilib. Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılır. Buradan götürülən su qum süzgəclərdə təmizləndikdən sonra anbarlara ötürüləcək. Yeni yaradılacaq mənbə hesabına Şəmkir, Samux, Gəncə şəhərləri və magistral kəmərlərin marşrutu üzərində yerləşən yaşayış məntəqələri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün uzunluğu 27,5 kilometr olan magistral su kəmərinin tikintisinin 80 fazidən çoxu yekunlaşıb. Yeni qurğu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr içməli su veriləcək. Lakin işlər bununla da yekunlaşmır! Şəhərin əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması layihəsi çərçivəsində su və kanalizasiya sistemləri də  yenilənir. Artıq Gəncənin 1600 diametrlik əsas qidalandırıcı su xəttinin 80 faizi hazırdır. Şəbəkə işlərinin isə 60 faizdən çoxu yekunlaşıb.

Hazırda şəhərin ayrı-ayrı küçələrində qrafik üzrə qidalandırıcı su xətlərinin çəkilməsi prosesi aparılır. Cavadxan qəsəbəsi, Mircəlal Paşayev, Süleyman Rəhimov, Əbülula Gəncəvi və Müseyib Bağırov küçələrində layihənin icrası bir qədər də sürətlətləndirilib. Dördüncü mərhələ başa çatdıqdan sonra Gəncədə 80 min abonent fasiləsiz olaraq içməli sudan istifadə edə biləcək.

Bundan başqa qış mövsümü ilə əlaqədar olaraq yağış qəbuledicilərin təmizlənməsi, quyuların maşınlarla yuyulması işləri də aparılır. Çoxmənzilli yaşayış binalarının daxili su sistemləri yenidən qurulur, zirzəmilərdə istismar müddətini başa vuran polad xətlər ləğv edilir, əvəzində isə yeni polietilen borular çəkilir. Bu isə sakinlərin məişət işlərini asanlaşdırmaqla yanaşı, məşğulluqlarının artırılmasına da müsbət təsir göstərəcək.