Cəmiyyət

Paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib

06-12-2018 | 13:35        

  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərpoçt” MMC paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində fəaliyyət göstərəcək.

Artıq “Şəbəkə” xidmət mərkəzlərinin sayı 9-a çatdı. Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yaradılan müasir xidmət mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər təqdim olunur. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı  və  turizm xidmətləri də göstərilir. Eyni zamanda, lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pul köçürmələri,  büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər.

Respublika üzrə bütün Şəbəkələrdə fasiləsiz olaraq hər gün, eyni zamanda şənbə və bazar, bayram günləri də  vətəndaşlara xidmət göstərilir.  Qeyd edək ki,  ”Şəbəkə” layihəsinə 2017-ci ilin fevral ayından start veriilib. Xidmət mərkəzlərindən 6-sı Bakıda, 3-ü isə  Sumqayıt, Zaqatala və Cəlilabad şəhərlərində yerləşir.