Cəmiyyət

Azərbaycan rabitəsi: 137 il

06-12-2018 | 11:16        

  

Bu gün Azərbaycanda telefon rabitəsinin yaradılmasından 137 il ötür. Qədim tarix və kifayət qədər də böyük uğurlara imza atan Azərbaycan son illərdə İKT-nin inkişaf göstəricilərinə görə dünyada lider yerlərdən birini tutur.

Azərbaycanda telefon rabitəsinin tarixi 1881-ci ildə ilk telefon xəttinin istismara verilməsi ilə başladı. Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlərin görülməsini zəruri edib. Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi təsis edilib. 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə yanaşı, rabitə də davamlı inkişaf yoluna qədəm qoydu. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçib. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada yüzlərlə poçt şöbəsi binasının tikintisi də məhz həmin dövrə təsadüf edir. Müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdə də ulu öndər bu sahənin inkişafını həmişə diqqətdə saxlayıb. Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ümummilli lider Heydər Əliyevin 2003-cü fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə 2003-2012-ci illəri əhatə edən Milli Strategiyanın” təsdiq edilməsi haqqında Sərəncamı olub və ötən müddətdə respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub. Sürətlə inkişaf edən yeni texnologiyaların bir-birini əvəzlədiyi müasir dövrdə isə bu tərəqqi dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət aldı. 2005-ci ildə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiqlənib, Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı yaradılıb. 2006-cı ildə “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” dövlət başçısının sərəncam imzalaması və sərəncama uyğun olaraq hər il dekabrın 6-nın bu sahədə çalışanların peşə bayramı günü kimi təsis edilməsi göstərilən dövlət qayğısının daha bir təzahürü idi. Görülən işlərin nəticəsidir ki, Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb.

MDB ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulub, Azərbaycan regionun ən təhlükəsiz “Data Mərkəzi”nə malikdir.

Hazırda ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 68 faizində kompüter mövcuddur. Simsiz genişzolaqlı internet istifadəçilərinin nisbəti 73 faiz, mobil rabitə abunəçilərinin sayı isə ölkə əhalisinin 106 faizini təşkil edir.

Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir.

Bu gün ölkə ərazisində Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə əsasən, rəqəmli televiziya yayımına keçid tam təmin olunub. Əhali  radio-televiziya verlişlərini daha keyfiyyətli, kəsintisiz izləmə imkanı əldə edib. Artıq, Azərbaycan Poçtu ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi kimi fəaliyyət göstərir. Son illər Azərbaycanın İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərindən biri regionda kosmik sənayeyə sahib ölkəyə çevrilməsidir. 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edildi. Proqramın uğurlu icrası nəticəsində Azərbaycanın 3 peyki orbitə çıxarıldı.

Ölkədə “elektron hökumət”in, “elektron imza” infrastrukturunun formalaşdırılmasına da ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə “Şəbəkə xidmət” mərkəzləri yaradılıb ki, bu da qısa müddətdə özünü müsbət təcrübə kimi doğruldub.

Dövlət başçısının müvafiq fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı”nın nəzdində İnnovasiyalar Agentliyi yaradılıb. Azərbaycan İKT sahəsində də bir çox regional layihələrin təşəbbüskarı və fəal icraçısıdır. BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin reallaşdırılması ölkəmizin İKT potensialının xeyli artmasına səbəb olacaq. Son illər Azərbaycanda İKT sahəsində əldə edilən uğurları nümayiş etdirmək baxımından hər il təşkil olunan Bakutel sərgilərinin də böyük rolu var. Dünyada bu sərgiyə marağın ilbəil artması ölkəmizin İKT sahəsinin də uğurla inkişafını nümayiş etdirir.