Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

06-12-2018 | 11:00        

  

Prezidentin və Baş nazirin nüfuzu ən aşağı həddə enib

“Sarı gödəkçəlilər” hərəkatı Fransada həftə sonu dördüncü etiraz aksiyalarına hazırlaşır. Fransa hökuməti bu həftə baş verəcək aksiyaların daha şiddətli olacağından ehtiyat edir. Bu məqsədlə paytaxta 65 min nəfərdən çox polis əməkdaşının cəlb olunması planlaşdırılır. Eyni vaxtda polis həmkarlar təşkilatı “Vigi” etiraz aksiyalarını yatırılması zamanı 23 polisin xəsarət almasından sonra “sarı gödəkçəlilər”lə açıq təmasdan yayınmaq məqsədi ilə addımlar atılacağını bildirib. Qeyd edək ki, dünən baş nazir Eduard Filip parlamentdə çıxışı zaman bəyan etmişdi ki, polislər aksiyaların yatırılmasında şəxsi şücaət və peşəkarlıq nümayiş etdiriblər. Hökumət başçısının bu açıqlamasını Milli Assambleya üzvləri ayaqüstə alqışlamışdılar. Bütün bu hadisələrin fonunda Baş nazir Eduard Filiplə yanaşı, prezident Emmanuel Makronun da reytinqi kəskin şəkildə aşağı düşüb. Dünən açıqlanmış ən son rəy sorğularına görə fransızların 76%-i prezidentin fəaliyyətindən narazıdır. Baş nazirin fəaliyyətindən isə əhalinin cəmi 18%-i razıdır. Bu göstəricilər hər iki siyasətçinin reytinqinin rekord şəkildə gerilədiyini göstərir.

ÜTT-nin baş direktoru ticarət müharibəsinin iqtisadi təhlükələri ilə bağlı xəbərdarlıq edib

Qlobal ticarət müharibəsi bütün ölkələrin məğlubiyyəti ilə nəticələnəcək. Bu açıqlama ilə Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robertu Azevedu çıxış edib. İslahatlar aparılmasına ehtiyac olduğunu etiraf edən qurum rəsmisi qeyd edib ki, iş yerlərinin bağlanmasının əsas səbəbinin ticarət olması fikri doğru deyil. Robertu Azevedu “Böyük 20-lik” ölkələri liderlərinin ötən həftə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş sammitinə də diqqət çəkib. O, Ümumdünya Ticarət Təşkilatında islahatlar aparılması ilə bağlı “Böyük 20-lik” ölkələrinin öhdəlik götürməsini yüksək qiymətləndirib. Robertu Azevedu Buenos-Ayresdə ABŞ-Çin arasında əldə olunmuş razılığa əsasən yeni ticarət tariflərinin tətbiqinin müəyyən müddətə dayandırılmasını alqışlayıb.

Plastik məmulatlar istehsalı fabrikində partlayış olub

Dominikan Respublikasında plastik məmulatlar istehsalı fabrikində partlayış olub. Hadisə qaz sızması nəticəsində baş verib. İnsident zamanı 4 nəfər-3 kişi və 1 qadın həlak olub, 45 nəfər xəsarət alıb. Fabrikin binası və ona yaxın tikililərə böyük ziyan dəyib. Hadisə yerində xilasedici briqadalar işləyir. 

İsveçdə Yəmən münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar başlayacaq

İsveçdə Yəmən münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar başlayacaq. 2016-cı ildən bu yana ilk dəfədir ki, təşkil olunan danışıqlar BMT-nin vasitəçiliyi ilə Yəmən hökuməti və husi qiyamçıları arasında keçiriləcək. Məqsəd 4 il ərzində azı 10 000 adamın ölümünə səbəb olmuş münaqişəyə son qoyulmasına nail olmaqdır. Analitiklər və diplomatların fikrincə sammitdə əhəmiyyətli irəliləyişə nail olunması gözlənilmir. Xatırladaq ki, Yəməndə hökumət qüvvələri ilə husi qiyamçıları arasında qarşıdurmalar 2014-cü ilin avqustundan davam edir. Münaqişə nəticəsində 10 000-dən çox adam həlak olub. Son 3 il ərzində BMT bir neçə dəfə münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar təşkil etsə də, onların hamısı nəticəsiz başa çatıb.

Papua əyalətində 30-dan çox fəhlə qətlə yetirilib

İndoneziyanın Papua əyalətində bir qrup qiyamçı körpü tikən fəhlələrə hücum edib. Nduqa dairəsində baş verən hadisə nəticəsində 30-dan çox adam həlak olub. Fəhlələrin güllənərək qətlə yetirildiyi bildirilir. Hücumla əlaqədar ərazidə tikinti işləri dayandırılıb. Papua əyalətində təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyd edək ki, bu son illərdə İndoneziyada törədilmiş ən böyük kütləvi qətliamdır.

Güclü qar nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb

Çinin şimal–qərbində çovğunlu hava şəraiti müşahidə edilir. Mohe şəhərində havanın temperaturu mənfi 43 dərəcəyə düşüb. Şəhərin mərkəzində görmə məsafəsi 100 metrdən aşağı düşüb. Güclü qar Sintszyan-Uyğur muxtar rayonunda da ciddi fəsad törədib.  Manas şəhərində nəqliyyatın hərəkəti iflic olub. 1000-dən çox avtomobilin yollarda qaldığı bildirilir. Yerli icra orqanlarının göstərişi ilə bir neçə avtomagistral bağlanıb. Meteoroloqların məlumatına görə qarlı hava şəraiti qarşıdakı 3 gündə də davam edəcək.