Xarici xəbərlər

Ermənistanda növbəti dəfə yüksək çinli məmurların qalmaqallı səs yazısı yayılıb

06-12-2018 | 10:54        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda siyasi vəziyyət də sabit deyil. İşğalçı ölkədə növbəti dəfə yüksək çinli məmurlarının  qalmaqallı səs yazısı yayılıb. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bununla dövlətçilik əleyhinə müharibə elan olunduğunu açıqlayıb.

Ermənistanda iki dövlət məmurunun qalmaqallı səs yazısı yayılıb. Bu dəfə yayılan gizli söhbətin iştirakçıları baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyandır. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan baş katibi Yuri Xaçaturov və Ermənistanın ikinci prezidenti Robert Koçaryanla bağlı atacaqları addımı müzakirə edirlər. Vanetsyan Paşinyana deyir ki, Xaçturovun həbsi İrəvanın başını ağrıdacaq və ciddi problemlər yaradacaq. Paşinyan da razı olaraq, işin icrasının Ermənistan Xüsusi Istintaq Xidmətinin rəisi Sasun Xaçatryana tapşırılmasına dair göstəriş verib. Eyni zamanda, Xaçaturovun ölkəni tərk etməməsi üçün bütün lazımı tədbirlərin görülməsindən söz açılıb. Həmçinin, Xaçaturov məsələsi ətrafındakı səs-küydən diqqəti yayındırmaq üçün ilk növbədə Koçaryanın məsələsini həll etmək və ona qarşı sərt tədbirlərin görülməsi barədə qərar qəbul olunub. Vanetsyan Paşinyana bildirib ki, “bu gün Koçaryanı həbs edəcəyik”, baş nazir isə cavabında “yaxşı” deyib. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan gizli danışıqların yayılması ilə dövlətçilik əleyhinə müharibə elan olunduğunu açıqlayıb. O, bunda Ermənistanı 20 ilə yaxın müddətdə idarə edən keçmiş hərbi-xunta rejimini günahlandrıb. Paşinyan rəqiblərini hədələyərək, onları tezliklə tarix səhnəsindən siləcəyini bildirib. Sitat: “Bu “Respublika”çılar kimdir axı? Biz onları yerlə bir edəcəyik. Onlar illərlə oradan qalxa da bilməyəcəklər. Mən polisə əmr vermişəm ki, heç kim yerindən tərpənə bilməsin”. Artıq Ermənistanda keçmiş xüsusi xidmət rəhbəri - hazırda müxalifətdə olan Respublika Partiyasının seçki siyahısında yer alan David Şahnazaryan Təhlükəsizlik Xidmətinə çağırılıb. Şahnazaryanı baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan barədə son günlər verdiyi bir sıra açıqlamalara görə dindirilmək istəsələr də o, Təhlükəsizlik Xidmətinə getməyib.  Təhlükəsizlik Xidmətinin açıqlamasında isə deyilir ki, David Şahnazaryan ifadə vermək və öz sözlərinə dair sübutlar təqdim etmək üçün çağırılıb. Hazırda Şahnazaryanın bəyanatında mümkün dövlətə xəyanət elementlərinin yer aldığı nəzərə alınaraq onun dedikləri ağır dövləti cinayət barədə xəbərdarlıq kimi nəzərdən keçirilir və cinayət işinin qaldırılması məsələsinə baxılır. David Şahnazaryan isə vaxtilə başçılıq etdiyi xüsusi xidmət orqanına getməkdən imtinasını belə izah edir:  “Mən çağırışı dünən almışam və getməyə hazırlaşırdım. Amma bu gün Təhlükəsizlik Xidməti mənim bəyanatlarıma hüquqi qiymət verməyə çalışıb. Ona görə də getmirəm. Hazırlaşırdım gedəm və deyəm ki, sizin hərəkətləriniz siyasi təqibdir. Çünki Nikol Paşinyan açıq şəkildə buna göstəriş verib. Bunları deyib oradan çıxacaqdım”deyə, Şahnazaryan bildirib. Respublika partiyasının seçki siyahısında yer alan siyasətçi əmindir ki, Paşinyan özü gec-tez müttəhimlər kürsüsündə oturacaq. Şahnazaryan ifadə verməyə getməyəcəyini deyib.