Siyasət

R.Qotemöller: “Azərbaycan NATO-nun “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli töhfə verir”

06-12-2018 | 10:34        

  

Azərbaycanın NATO-nun “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə töhfələri təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu fikirləri NATO baş katibinin müavini Rouz Qotemöller Brüsseldə Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib. O, Əfqanıstanda sülhün və sabitliyin təmininə yönələn səylərinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə NATO arasında Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində ötən 25 il ərzindəki uğurlu əməkdaşlıqdan bəhs edilib. Bildirilib ki, Azərbaycan “Qətiyyətli Dəstək” missiyasına və Əfqanıstanın inkişafına yönələn töhfələrini davam etdirəcək.