Siyasət

Bolqarıstan prezidenti Milli Məclisdə olub

15-11-2011 | 14:00        

  

Ölkəmizə rəsmi səfəri çərçivəsində Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycan parlamentində olub, Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Bolqarıstan Prezidenti Georgi Pırvanov əvvəlcə Azərbaycan parlamentinin iclas zalları ilə tanış olub. Millət vəkillərinin fəaliyyəti üçün yaradılmış iş şəraitini, tətbiq olunan müasir texnologiya sistemini yüksək qiymətləndirib. Sonra ali qonaq parlamentdəki Heydər Əliyev xatirə zalına baxıb. Ali qonağa Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkə parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri, Milli Məclisin qəbul etdiyi mühüm hüquqi sənədlər barədə məlumat verilib. Bolqarıstan prezidenti xatirə kitabına ürək sözlərini yazıb.

Parlamentlə tanışlıqdan sonra Milli Məclisdə görüş keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimizin mövcud münasibətlərini yüksək qiymətləndirərək deyib ki, Bolqarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Gələn il ölkələrimizin diplomatik münasibətlərinin 20 ili tamam olacaq. Əlaqələrin inkişafında parlamentlərin xüsusi rolunu qeyd etdi. Azərbaycanın dinamik inkişafından, Avroatlantik məkana sürətli inteqrasiyasından danışaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Bolqarıstan prezidenti Azərbaycana səfərindən məmnunluq ifadə edərək ölkələrimizin siyasi, iqtisadi sahələrindəki əməkdaşlığından, Bakıda imzalanan sənədlərin əhəmiyyətindən danıdı. Qeyd etdi ki, Azərbaycan zəngin təbii ehtiyatlara sahib, Avropanın enerji təminatında mühüm rolu olan, dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkədir. Azərbaycan Avropa İttifaqı münasibətlərindən danışan ali qonaq Bolqarıstanın bu istiqamətdə əməkdaşlığın inkişafında öz dəstəyini göstərməyə hazır olduğunu söyləyib.