Xarici xəbərlər

ABŞ-da polis etirazçıları həbs edib

15-11-2011 | 13:18        

  

Amerika Birləşmiş Ştatlarının Oklənd şəhərində polis “Uoll striti zəbt et!” hərəkatı tərəfdarlarının çadır düşərgəsini dağıdıb. Etirazçılar isə çadırlarını qonşu küçələrdə qurmaq məcburiyyətində qalıblar.

Düşərgədə, ümumilikdə, yüzdən çox insan olub. Onların əksəriyyəti polisin əməliyyata başlamasından əvvəl qonşu küçələrə keçiblər. Asayiş keşikçilərinin düşərgəyə daxil olduqları zaman nümayişçilər “Ar olsun!” şüarlarını səsləndiriblər. Polis 30-a yaxın etirazçını həbs edib. Əməliyyat zamanı aksiyaçılar polisə müqavimət göstərməyiblər. Bir neçə gün əvvəl Oklənd şəhərində polislə nümayişçilər arasında qarşıdurmalar baş verib. Nəticədə çoxsayda insan xəsarət alıb. Oklənd meri Cin Kuan etirazçıların ictimai asayişi pozaraq şəhər sakinlərinə narahatlıq yaratdıqlarını deyib. Okləndin mərkəzi meydanından çıxarılan etirazçılar şəhərin digər meydanlarında çadır quraraq aksiyalarını davam etdirirlər. Polis Okləndlə yanaşı, Portlənd, Oreqon, Solt-Leyk və Denverdə də nümayişçilərin çadır düşərgələrini dağıdıb.