Cəmiyyət

“Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans keçirilib

23-11-2018 | 08:51        

  

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdi. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anıldı. Konfrans iştirakçıları Şəhidlər xiyabanını da ziyarət etdilər, Əbədi məşəl abidəsi önünə əklil qoydular. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunan 22 noyabr ədliyyə işçilərinin peşə bayramı bu il Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə əlamətdardır. Bayram münasibəti ilə  bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir Fikrət Məmmədov bildirdi ki, konfrans hüquqi dövlətdə ədliyyə sisteminin, Azərbaycan ədliyyəsinin formalaşmasına, inkişafına və qarşıda duran yeni çağırışlara həsr olunub. Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov dövlət başçısının ədliyyə işçilərinə və hakimlərə təbrik məktubunu oxudu. Təbrikdə qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ildə təsis edilən Azərbaycan ədliyyəsi bir əsrlik mürəkkəb və şanlı inkişaf yolu keçib. Azərbaycanda ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər bu gün də davam etdirilməkdədir. Ali Məhkəməsinin sədri Ramiz Rzayev Azərbaycan ədliyyəsi və məhkəmə sisteminin qurulması tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə və məhkəmə sisteminə göstərdiyi diqqət və qayğıdan danışdı. Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov konfransda “Azərbaycan Ədliyyəsi 100: təkamül və yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ədliyyə tariximizin yeni, şərəfli səhifəsi açılıb. Milli dövlət quruculuğunda ədliyyə fəaliyyətinə böyük önəm verilərək nazirlik Xalq Cümhuriyyətinin yaradıldığı gün təsis edilib və öz arxitekturası ilə Bakıya gözəllik verən, hazırda Səadət Sarayı adlanan binada fəaliyyət göstərib. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub və həmin ilin noyabr ayının 22-də - peşə bayramı kimi qeyd olunan gündə nazirliyin əsasnaməsi təsdiq edilib. Nazir dedi ki, ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və ümumiyyətlə Ədliyyə Nazirliyinin əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2006-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Son illər ərzində dövlət büdcəsi hesabına və Dünya Bankı ilə birgə 50-dək məhkəmə üçün müasir bina və komplekslərin layihələri hazırlanıb, 9 məhkəmə binası və 6 məhkəmənin yerləşdiyi 2 məhkəmə kompleksi tikilərək istifadəyə verilib. Hazırda 5 məhkəmə üçün bina və komplekslərin inşası davam etdirilir. Fikrət Məmmədov dedi ki,son 15 ildə nazirlik tərəfindın 32 mindən artıq qanunvericilik layihəsi ekspertizadan keçirilib, 6.500-dən çox layihə hazırlanıb, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin elektron bazalarına vətəndaşlar tərəfindən hər il yüz minlərlə, 2018-ci ildə isə bir milyondan çox müraciət edilib. Artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılıb və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşüb. Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycan Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində "Məhkəmənin nəbzi: İdarəetmədə inqilab” adlı layihə ilə iştirak edib və ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülüb. Nazir vurğualdı ki, mütərəqqi islahatlara beynəlxalq marağın nəticəsidir ki, ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası -CEPEJ məhkəmə sisteminin inkişafına görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirib. Fikrət Məmmədov bildirdi ki, Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə dövlət başçısının bir qrup ədliyyə orqanları işçisi və hakimə ali xüsusi rütbələr, fəxri adlar, orden və medallar verməsi bu sahəyə diqqət və qayğının növbəti təzahürüdür”. Türkiyənin məhkəmə sistemi müasir inkişaf mərhələsində” adlı məruzə ilə çıxış edən Türkiyənin ədliyyə naziri Əbdülhamit Gül diqqətə çatdırdı ki, dost və qardaş Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Sonra “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” kitabının təqdimatı oldu. AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycan ədliyyəsinin 100 illik inkişaf tarixindən danışdı.

Belarusun müvafiq sahədə Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan bu ölkənin Ədliyyə naziri Oleq Stijevski ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələrin nümunəvi xarakter daşıdığını dedi. “Hüquq sisteminin inkişafında müasir qanunvericilik bazasının rolu” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirdi ki, uzun illərdir parlamentlə ədliyyə və məhkəmə orqanları arasında səmərəli əməkdaşlıq mövcuddur. Konfransda çıxış edən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası - CEPEJ-in prezidenti Georq Stava ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu sahəsində mütərəqqi addımların atıldığını qeyd edərək, Azərbaycanın bir çox dövlətin yüz il ərzində keçdiyi inkişafa qısa müddətdə nail olmasını yüksək qiymətləndirdi.

Sonra Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Ədalət mühakiməsinin həyata keçirilməsi işində vəkilliyin rolu”, Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mikheil Sarjveladzenin “Gürcüstanın ədliyyə sektorunda islahatlar – güclü qanunun aliliyi və demokratiyaya doğru irəliləyiş”, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Əmir Əliyevin “Ədliyyə və məhkəmə sistemi üçün hüquqşünas kadrların hazırlanması” və Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyninin “Ədliyyə fəaliyyətində ictimai iştirakçılıq” mövzularında çıxışları dinlənildi. Sonda ədliyyə işçiləri adından Preziden İlham Əliyevə müraciət ünvanlandı. Konfrans çərçivəsində Ədliyyə Naziri Fikrət Məmmədov Belarusun ədliyyə naziri Oleq Stijevski, Türkiyəninin ədliyyə naziri, Əbdülhamit Gül, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası-CEPEJ-in prezidenti Georq Stava və Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mikheil Sarjveladze ilə ikitərəfli görüşləri oldu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR