Cəmiyyət

Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 100 il ötür

22-11-2018 | 10:45        

  

Bu gün ədliyyə işçilərinin peşə bayramıdır. Builki bayram həm də Azərbaycan ədliyyəsinin 100 illiyi ilə əlamətdardır. Ədliyyə işçilərinin peşə bayramı günü ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub.

Azərbaycan Ədliyyəsinin tarixi 1918-ci ildən Azərbaycan xalq cümhuriyyətinin yarandığı dövrdən hesablanır. O zaman təşkil edilən nazirliyə Xəlil bəy Xasməmmədov rəhbərlik edib. Azərbaycan ikinci dəfə müstəqilliyə qovuşandan sonra ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi hüquqi sahədə də köklü islahatlar apardı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli konstitusiya qəbul edildi. Bundan sonra yaranan hüquq islahat komissiyası ulu öndərin rəhbərliyi ilə qısa müddətə hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələrin qəbuluna nail oldu. Məhkəmə  və hüquq  mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Nəticə etibarilə əvvəlkindən köklü sürətdə fərqlənən 3 pilləli məhkəmə sistemi formalaşdı. Ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hüquq sistemində əsaslı islahatlar aparıldı. Bu  sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması müstəqil məhkəmə fəaliyyətinin möhkəmləndirilməsi kimi mühüm işlər görüldü. Xüsusilə 2006-cı il aprelin 18-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasımnın Ədliyyə Nazirliyi haqqında Əsasnaməsinin” təsdiq edilməsi, may ayında isə dövlət başçısının təşəbbüsü əsasında Milli Məclis tərəfindən Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun qəbulu ədliyyə sistemi üçün müstəsna əhəmiyyət kəsb etdi. Həmin il avqustun 17-də dövlət başçısının imzaladığı ədliyyə orqanlarının inkişafı haqqında xüsusi fərman Azərbaycan ədliyyəsinin təkmilləşdirilməsində yeni mərhələnin əsasını qoydu. Fərmanda nəzərdə tutulan genişmiqyaslı tədbirlər sırasında ilk dəfə olaraq ədliyyə işçilərinin və digər hüquqşünas kadrların ixtisasların artırılmasının və peşə vərdişlərinəm yiyələnməsini təmun etmək üçün ədliyyə akademiyasının təsis olunması mühüm önəm daşıdı.

Məhkəmə hüquq şurası yaradılmaqla məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətləri genişləndirildi, hakimlərin müstəqilliyinin təmin olunması, onların fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması ilə bağlı yeni mexanizmlər təsbit edildi. Beynəlxalq təşkilatlarla əməkdaşlıq da səmərə verir. Ötən dövrdə nazirliyin hüquqi əlaqələri genişləndi, 32 dövlətin ədliyyə nazirlikləri ilə mühüm sənədlər imzalanaraq səmərəli qarşılıqlı fəaliyyət həyata keçirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər də ədliyyə sistemində çalışanlara dövlət tərəfindən verilən daha bir töhfə kimi qəbul edilə bilər. Ölkə başçısı tərəfindən son illər ölkəmizdə konseptual baxımından yeni müasir bina və komplekslərin açılışları olub, Həmçinin, bu il İmişliyə səfəri çərçivəsində Prezident İlham Əliyev rayon məhkəməsinin yeni binasının fəaliyyəti ilə tanış olub. Azərbaycan ədliyyəsinin 100 illiyi ərəfəsində Zaqatalada da yeni məhkəmə binası istifadəyə verildi. Hazırda Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Suraxanı, həmçinin Masallı rayon məhkəmələrinin inşası davam etdirilir. Bir əsrlik zəngin inkişaf tarixi olan Azərbaycan ədliyyəsində aparılan islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.