Siyasət

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Georgi Pırvanov Dövlət Bayrağı Meydanında olub

15-11-2011 | 12:05        

  

 Bolqarıstan Prezidenti Georgi Pırvanov Dövlət Bayraq Meydanına gəlib. Məlumat verilib ki, 2007-ci il noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb. Elə həmin ilin dekabr ayının 30-da  paytaxtın  Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulub. Ötən il sentyabrın 1-də isə Prezident İlham Əliyevin iştirakı ilə meydanının təntənəli açılış mərasimi olub.  Dövlətinin başçısının diqqətinə çatdırılıb ki, Meydan üçün seçilən yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Meydanın ümumi ərazisi 60, yuxarı hissəsinin sahəsi isə 3 hektardır. İnşa olunan dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Bildirildi ki, Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulan Azərbaycanın gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Qeyd olunub, hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Ali qonağa xatirə hədiyyələri təqdim olundu. Sonra Bolqarıstan  Dövlətinin başçısına   Dövlət Bayrağı Meydanının ətrafında aparılan abadlıq-quruculuq işləri ilə barədə məlumat verilib. Qeyd olunub ki, hazırda Meydanın ətrafında tikinti və abadlıq işləri sürətlə davam etdirilir. Ərazidə kiçik parklar, istirahət guşələri və yaşıllıq zolaqları yaradılır.