Rəsmi xronika

Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Prezidenti G.Pırvanovun şərəfinə rəsmi ziyafət verilib

15-11-2011 | 11:29        

  

Noyabrın 14-də Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə çıxış ediblər.
“Bizim aramızda qarşılıqlı səfərlərin yaxşı ənənəsi yaranıb və bu səfərlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə səbəb olub”, - deyən Prezident İlham ƏLİYEV Azərbaycan-Bolqarıstan əlaqələrinin yüksək səviyyədə olduğunu və bütün sahələri əhatə etdiyini bildirib. Bolqarıstan-Azərbaycan əlaqələrinə xüsusi əhəmiyyət verdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 ili tamam olur. Bu dövrdə Azərbaycan-Bolqarıstan münasibətlərində mühüm nəticələr əldə olunmuş, indiyədək ölkələrimiz arasında əməkdaşlığa dair 40-a yaxın sənəd imzalanıb.
Prezident İlham Əliyev ikitərəfli iqtisadi potensialın gücləndirilməsi üçün bir sıra tədbirlərin görüldüyünü, Bolqarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişaf etdiyini, ölkələrimiz arasında elm, təhsil və digər sahələrdə də uğurlu əməkdaşlığın qurulduğunu bildirib.
Dövlətimizin başçısı siyasi münasibətlərin də inkişafından razı qaldığını diqqətə çatdıraraq deyib:
- Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. Eyni zamanda, münasibətlərimiz Xəzər dənizi, Qara dəniz regional əməkdaşlığının inkişafı üçün də çox vacib rol oynayır. Biz Azərbaycan ilə Avropanı birləşdirən enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında maraqlıyıq. Azərbaycan etibarlı tərəfdaş ölkə olduğunu həmişə nümayiş etdirmişdir və ölkəmiz bundan sonra da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini verməyə hazırdır.
Azərbaycanın enerji ehtiyatlarını müxtəlif istiqamətlərə nəql edən yeddi neft və qaz boru kəməri vardır. Ölkəmiz enerji resurslarının ixracının şaxələndirilməsində və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bizim enerji siyasətimiz bölgədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın və dostluğun möhkəmlənməsinə yönəlibdir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasının təəssüf doğurduğunu diqqətə çatdırıb. Bildirib ki, bir sıra nüfuzlu təşkilatların qərar və qətnamələrinə baxmayaraq, münaqişə həll olunmamış qalır. Dövlətimizin mövqeyi isə ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun şəkildə ədalətlə həll olunmalıdır.
Bolqarıstan Prezidenti Georgi Pırvanov isə vurğulayıb ki, son illərdə ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq ruhunda inkişaf edir. “Biz Prezident İlham Əliyevlə qısa müddət ərzində rəsmi təmaslardan səmimi qarşılıqlı etimad və dostluq münasibətlərinə qədər yol keçmişik”, - deyən Georgi Pırvanov xalqlarımız arasındakı dostluq əlaqələrinin tarixinə nəzər salıb.
Bolqarıstan dövlətinin başçısı ölkələrimizin enerji sahəsində əməkdaşlığına da toxunaraq deyib:
- Biz bu yaxınlarda Azərbaycan ilə Türkiyə arasında qaz sahəsində imzalanan sazişi, eləcə də Azərbaycan, Türkmənistan və Avropa İttifaqı arasında gələcək Transxəzər boru kəmərinin tikintisi üzrə danışıqların başlanmasını alqışlayırıq. Lakin bu, bizim yeganə prioritetimiz deyildir. Biz kənd təsərrüfatı və fermerlərimizin gündəlik işində yüksək texnologiyaların tətbiqi sahəsində birgə fəaliyyəti inkişaf etdirmək istərdik. Çünki ərzaq məhsullarının istehsalı istənilən dövlətin suverenliyinin əsas strateji amilinə çevrilməkdədir. Su resurslarının idarə edilməsi və onunla bağlı elektrik enerjisi istehsalı, neft-kimya və telekommunikasiya sahələrində də bir çox imkanlar vardır. Təhsil və mədəniyyət sahəsində, o cümlədən beynəlxalq əhəmiyyətli birgə layihələrin həyata keçirilməsində apardığımız əməkdaşlıq xüsusi diqqətə layiqdir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təcrübəsi və fəaliyyəti olduqca vacibdir.
Bolqarıstan dövlətinin başçısı əmin olduğunu bildirdi ki, səfər çərçivəsində əldə edilən razılaşmalar və imzalanan sənədlər ikitərəfli münasibətlərimizin bütün sahələrində yeni dinamikaya səbəb olacaqdır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (02.12.2016) :
Yağış Gecə : 3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7318 | Satış: 1.801

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.7901 | Satış: 1.9094
AzTV TƏQDİM EDİR