İqtisadiyyat

Vergi Məcəlləsinə dəyişikliklər edilir

21-11-2018 | 08:44        

  

Vergi Məcəlləsinə köklü dəyişikliklər edilir. Dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Vergi Məcəlləsinə beş istiqamət üzrə dəyişikliklər edilir. Birinci istiqamət iqtisadiyyatın şəffalaşdırılması və kölgə iqtisadiyyatının azaldılmasıdır. Bura malların sənədsiz dövriyyəsinə, habelə xərclərin sənədlərlə rəsmiləşdirilməməsinə və vergidən azad olan gəlirlərin sənədləşdirilməməsinə, bəyan edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, qanunla müəyyənləşmiş qaydada gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarlıq subyektlərinin öhdəlikləri dividentlərin vergilərdən azad edilməsi, özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, vergi nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi, dövlət orqanları ilə aparılan elektron məlumat mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir. İkinci istiqamət vergi bazasının genişləndirilməsidir ki, burada ofşor zonalarda aparılan əməliyyatlar üzrə vergitutmanın əhatə dairəsinin dəqiqləşdirilməsi, vergi uçotunda olmayan şəxslərdən nağd qaydada alına bilən malların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, sadələşdirilmiş vergi ödəyicilərinin dairəsinin məhdudlaşdırılması və daha bir neçə məsələ cəmlənir. Məcəlləyə dəyişikliklərin təklif edildiyi üçüncü istiqamət vergi inzibatçılığının təkmilləşdirilməsi, dördüncüsü vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi, beşinci isə vergi ödəyicisinin hüquqlarının genişləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsidir. Mühüm dəyişikliklərdən biri qeyri-dövlət və qeyri-neft sektorunda aparılacaq vergi islahatlarıdır. Yəni burada əmək haqqına edilən vergi güzəştidir. Belə ki, fiziki şəxslərin gəlir vergisi üzrə vergi yükü əhəmiyyətli dərəcədə azaldılır. Bu güzəştin 7 il müddətinə tətbiqi nəzərdə tutulur. Bu, iqtisadiyyatın qeyri-neft sektorunu dəstəkləməklə yanaşı, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, muzdla çalışanların sosial müdafiəsi və pensiya təminatının gücləndirilməsinə yönəldilib. Əhalinin və biznesin kredit resurslarına çıxış imkanlarının genişləndirilməsinə və pensiya sisteminin maliyyə dayanaqlığının gücləndirilməsinə xidmət edəcək. Burada inzibatçılıqda da sadələşdirmə nəzərdə tutulur. Vegilər naziri Mikayıl Cabbarov dedi ki, digər mühüm bir dəyişiklik isə kiçik sahibkarlıq subyektlərinin stimullaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizədək endilməsidir.

Nazir dedi ki, məqsəd nağdsız ödənişlərin genişləndirilməsidir. Bu yolla  xərclənən vəsaitlərin əlavə dəyər vergisinin müəyyən hissəsinin  istehlakçılara geri qaytarılması nəzərdə tutulur. Diqqətə çatdırıldı ki, 2013-cü ildən indiyədək sadələşdirilmiş vergi ödəyicilərinin sayı 1,5 dəfə artıb və onların ümumi vergi ödəyicilərinin aktiv sayında payı 56 faizə yaxındır. Lakin onların ödədiyi vergilər 6,4 faiz təşkil edir. Obyekt və işçi sayı olmayan, amma dövriyyə göstərən vergi  ödəyicilərinin sayı 2015-ci ildə 20,2 faizdən 2 dəfə artaraq 39,5 faizə yüksəlib. Orta aylıq  dövriyyə məbləği 2 min manatdan aşağı olan belə ödəyicilərinin sayı müqayisə olunan dövrdə  23 faizdən 45 faizə qalxıb. Nəticədə indiyədək  sadələşmiş çətir altında gizlənən müəssisələr gəlir və xərclərinin uçotunu aparmaqla dövriyyələrini real göstərməyə məcbur olacaq. Bir sıra şəxslərə isə sadələşdirilmiş vergi hüququnun aradan qaldırılması nəzərədə tutulur. Dəyişikliklər ölkədə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əlavə dəyər, əmlak və torpaq vergiləri sahələrində güzəş və azadolmaları da təsbit edir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliklərin əsas xəttini ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsi təşkil edir. Millət vəkilləri dəyişiklikləri məqbul saydılar. Dövlət borcunun götürülməsi və dövlət zəmanətinin verilməsinə nəzarətin artırılması, dövlət borcuna xidmət üçün vəsaitlərin mənbələrinin artırılması, nəticədə dövlət biorcuna daha operativ və keyfiyyətli xidmət göstərilməsinə imkan yaradılması məqsədilə "Dövlət borcu", eləcə də "Büdcə sistemi” haqqında qanunlara da dəyişikliklər təklif olunur. Maliyyə nazirinin müavini Azər Bayramov diqqətə çatdırdı ki, dəyişikliklər yeni büdcə qaydalarının tətbiqi ilə əlaqədardır.

Layihəyə əsasən hər il üçün dövlət büdcəsi haqqında qanunda dövlət borcunun digər göstəriciləri ilə yanaşı, il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri də müəyyənləşdiriləcək.