Cəmiyyət

“DOST” layihəsinin konsepsiyası təqdim olunub

21-11-2018 | 08:39        

  

DOST-Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 124 xidmət üzrə fəaliyyət göstərəcək. Yeni layihənin əsas məqsədi vətəndaşlara bir pəncərədən müasir, əlçatan, tam şəffaf xidmətlərin göstərilməsidir. DOST layihəsinin konsepsiyasının, eləcə də “e-sosial”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı və yeni loqosunun təqdimatı olub.

DOST xidmətinin əsas missiyası müasir texnologiyaların tətbiqi ilə əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə əhalinin rahat çıxışına imkan yaradılmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin konsepsiyasının təqdimatında belə deyildi. Baş nazirin müavini Əli Əhmədov bildirdi ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin mühüm istiqamətini təşkil edir. Ötən dövrdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunub. DOST Agentliyi və mərkəzlərinin bu istiqamətdə mühüm keyfiyyət dəyişikliyinə imkan yaradacağı diqqətə çatdırıldı. Qeyd olundu ki, DOST xidməti sosial sahədə “ASAN xidmət”in analoquna çevriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının Prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramında başlıca xətt olduğunu vurğuladı. Elə DOST layihəsi də dövlət başçısının 9 avqust tarixində imzaladığı müvafiq Fərmana əsasən yaradılır. Nazir bildirdi ki, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə, ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq. Layihənin icrası işləri yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır. Görülən işlərin mühüm tərkib hissəsi kimi artıq DOST Agentliyinin konsepsiyası hazırlanıb.

DOST agentliyinin konsepsiyasının prioritetləri, yol xəritəsi, təşkilati strukturu, 124 xidmət üzrə pasportlar, 116 vəzifə təlimatı, xidmətlərin göstərilməsi qaydaları, “Gənc DOST” proqramının və s. hazırlanması, mərkəzlərin elektron infrastrukturunun formalaşdırılması istiqamətində aparılan işlər və onların nəticələri barədə məlumat verildi. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin yaradılacağı bildirildi. DOST xidmətlərinin inteqrasiya olunmuş strukturu, “DOST” mərkəzlərinin kateqoriyaları diqqətə çatdırıldı. E-sosial, e-pensiya, e-məşğulluq və digər altsistemlər üzrə təqdim olunacaq xidmətlər, əyani müraciət edənlərlə yanaşı, səyyar formada əhaliyə göstəriləcək xidmətlər, məsləhət və məlumat xidmətlərinin təşkili üzrə görüləcək işlər barədə də məlumat verildi. Tədbirdə “E-sosial” internet portalının təqdimatı da keçirildi. Portal vətəndaşlara ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətlər əsasında onlarla bağlı toplanmış məlumatlara çıxış imkanı verir. Portalda proaktiv xəbərdarlıqlar, məsləhətlər bölməsi fəaliyyət göstərir. Portala istifadəçi adı və şifrə əldə etməklə, e-imza və ASAN imza ilə daxil olmaq olar. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yeni loqosu və rəsmi internet səhifəsi də təqdim olundu. Loqo “İnsan amili ölkəmizdə aparılan siyasətin ana xəttidir” mesajını çatdırır. Yeni sayt -sosial.gov.az istifadəçiyə nazirliyin fəaliyyət sahələri, aidiyyəti xidmətlər, habelə müvafiq qanunvericilik barədə məlumat verir. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev sosial sahədə həyata keçirilən dövlət siyasətinin vətəndaş məmnunluğuna xidmət etdiyini dedilər.