Rəsmi xronika

Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib

14-11-2011 | 19:01        

  

Noyabrın 14-də Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Hörmətli cənab Prezident!
Mən bir daha Sizi səmimiyyətlə salamlayıram.
Bu gün Bolqarıstan-Azərbaycan münasibətlərinin tarixində çox əlamətdar bir gündür. Siz ölkəmizdə rəsmi səfərdəsiniz və çox vacib sənədlər imzalanmışdır. Bir dost kimi bu əlamətdar gündə Sizin Bolqarıstana rəhbərlik etdiyiniz dövrdə gördüyünüz işlərlə bağlı bir neçə kəlmə demək istərdim.
Siz on ildir ki, Bolqarıstana rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında ölkəniz böyük və uğurlu yol keçmişdir. Ölkənizdə aparılan siyasi və iqtisadi islahatlar Bolqarıstanın inkişafını şərtləndirən amillər olmuşdur.
Bu illər ərzində Sizin ölkəniz həm NATO-ya, həm Avropa İttifaqına üzv olmuşdur. Hesab edirəm ki, ölkəniz üçün bu, tarixi nailiyyətlərdir. Bolqarıstan dünyada çox etibarlı dost və tərəfdaş ölkə kimi tanınır. Siz də dövlət xadimi kimi, dünyada çox böyük nüfuza maliksiniz.
Qeyd etməliyəm ki, bu illər ərzində bizim ikitərəfli münasibətlərimiz də çox uğurla inkişaf etmişdir. Biz Sizinlə demək olar ki, hər il görüşürük və şəxsi dostluq əlaqələrimiz ikitərəfli əlaqələrin inkişafına da müsbət təsir göstərir. Son illər ərzində münasibətlərimiz, yəni, Bolqarıstan-Azərbaycan münasibətləri çox yüksək səviyyəyə qalxmışdır. Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyiniz xidmətlərə və verdiyiniz töhfəyə görə Siz Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilirsiniz.
İcazə verin, bu yüksək mükafatı Sizə təqdim edim.
Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Bolqarıstan Prezidenti Georgi Pırvanova təqdim edib.


X X X

Prezident Georgi Pırvanov minnətdarlığını bildirərək deyib:
-Hörmətli cənab Prezident!
Hörmətli nazirlər, xanımlar və cənablar. Apardığım fəaliyyətə və göstərdiyim xidmətlərə verdiyiniz belə bir yüksək qiymətə görə Sizə təşəkkürümü bildirirəm.
Bəli, bu, həqiqətdir ki, iki xalqın arasında tarixən ənənəvi dostluq münasibətləri mövcud olubdur. Lakin qeyd etmək istəyirik ki, son on il ərzində ikitərəfli əlaqələrimiz ən yüksək səviyyəyə qalxıb.
Mən bu ali mükafatı böyük minnətdarlıq hissi ilə qəbul edirəm, eyni zamanda, mənə verilən bu ordeni mən, həmçinin Bolqarıstan Respublikasının, bolqar xalqının keçdiyi şanlı yola və bizim son illər ərzində apardığımız gərgin fəaliyyətin nəticəsinə verilən qiymət kimi qəbul edirəm.
Digər tərəfdən, hörmətli cənab Prezident, biz Sizin də bu istiqamətdə göstərdiyiniz səyləri, Azərbaycanın rəhbəri kimi apardığınız fəaliyyəti də yüksək dəyərləndiririk. Mən Azərbaycana tez-tez səfər edirəm, Siz də Bolqarıstana dəfələrlə səfər etmisiniz. Hər dəfə gələndə görürəm ki, ölkənizdə dəyişikliklər baş verib. Mən görürəm ki, müasir Azərbaycan necə inkişaf edir. Mən deyərdim bu inkişaf illərlə deyil, hətta saatlarla baş verir. Qeyd etmək istəyirik ki, şəxsən mən və Bolqarıstanın bir çox qurumları Sizin Avropa miqyasında qazandığınız nüfuzu bilirik, bunu alqışlayırıq və eyni zamanda, ölkənizin Avropa təsisatlarına daha da yaxınlaşması istiqamətində göstərdiyiniz səyləri olduqca mühüm hesab edirik.
Burada şəxsən Sizin qarşınızda bəyan etmək istəyirəm ki, Bolqarıstanda mövcud olan bütün təsisatlar, Bolqarıstan cəmiyyəti Sizi bolqar xalqının ən yaxın dostu hesab edir.
İndi isə mən Sizin apardığınız fəaliyyətə minnətdarlıq əlaməti olaraq Bolqarıstanın ali mükafatını - “Stara Planina” ordenini Sizə təqdim edirəm.
Cənab Prezident, Sizi təbrik edirik.
Prezident Georgi Pırvanov Bolqarıstan Respublikasının ən ali mükafatını - “Stara Planina” ordenini dövlətimizin başçısına təqdim edib.

X X X

Prezident İlham Əliyev minnətdarlığını bildirərək deyib:
-Çox sağ olun, hörmətli cənab Prezident! Bu yüksək mükafata görə Sizə minnətdaram. Bolqarıstan dövlətinin yüksək mükafatını almaq mənim üçün böyük şərəfdir. Siz də qeyd etdiyiniz kimi, biz Bolqarıstana, bolqar xalqına böyük rəğbətlə yanaşırıq. Bolqarıstan bizim üçün dost ölkədir, yaxın ölkədir. Mən çalışacağam ki, bundan sonra da Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün öz səylərimi əsirgəməyim. Bir daha Sizə minnətdaram.