Analitika

İqtisadi artım statistikada

19-11-2018 | 11:43        

  

2018-ci ilin geridə qalan 10 ayının statistikası göstərir ki, ölkəmiz bu ili də iqtisadi inkişaf ili kimi başa vuracaq. Xüsusilə qeyri-neft sektorunda əldə edilən dinamika nikbinlik yaradır. Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə kimi qarşıya qoyulmuş iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığı aradan qaldırılması tələbi özünü iqtisadiyyatın bütün istiqamətləri üzrə canlanmada ifadə edir.

ÜDM necə dəyişir?

2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi daxili məhsulu 0,8 faiz artaraq 65233,0 milyon manata çatmışdır.

Əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,0 faiz, neft sektorunda isə 0,3 faiz artmışdır.

ÜDM-in 45,7 faizi sənayedə, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 8,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 5,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz, sənayedə 1,4 faiz, digər xidmət sahələrində 0,3 faiz artmış, tikintidə isə 15,8 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 6648,1 manata bərabər olmuşdur.

Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar artıb

2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11482,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 69,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 16,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 18,2 faiz artmışdır. Ümumi sərmayənin 69,1 faizi məhsul istehsalı sahələrinin, 22,6 faizi xidmət sahələrinin, 8,3 faizi isə ümumi sahəsi 1684,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 62,1 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,2 faiz, bank kreditləri 13,0 faiz, büdcə vəsaitləri 26,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,9 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.

2018-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir  Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Lənkəran şəhərində “Azərxalça” ASC-nin filialı, “Lənkəran-2” yarımstansiyası, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, İsmayıllı rayonunda Heyvandarlıq Kompleksi, Aqropark, “İsmayıllı” elektrik yarımstansiyası, “Azərxalça” ASC-nin İsmayıllı filialı, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Şamaxı rayonunda Üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu, Masallı rayonunda Sənaye məhəlləsi, Çəltik emalı müəssisəsi, Qax rayonunda Aqropark, “Yurd hotel” mehmanxanası, Lerik rayonunda Elektrik stansiyası, Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı, Quba rayonunda meyvə emalı zavodu, “ABAD Factory” İstehsalat Kompleksi, Mərkəzi Xəstəxana, İmişli rayonunda Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi,  bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 45 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi, 1510 şagird yerlik 5, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı, Tovuz rayonlarında 5948 şagird yerlik 6 ümumtəhsil məktəb binası, Zərdab rayonunda 60 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. obyektlər istifadəyə verilmişdir.

Sənaye istehsalı artır...

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-oktyabr aylarında 40,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,0 faiz, neft sektorunda isə 0,2 faiz artmışdır.

Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda, 22,0 faizi emal sektorunda, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı isə 3,5 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 26,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,9 dəfə, tütün məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə,  mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 48,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,6 faiz, tikinti materiallarının istehsalı 28,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 21,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,3 faiz, içkilərin istehsalı 10,6 faiz, kağız və karton istehsalı 6,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,1 faiz artmış, hazır metal məmulatlarının istehsalı 1,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 11,7 faiz, əczaçılıq məhsullarının istehsalı 12,9 faiz, maşın və avadanlıqların istehsalı 17,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,3 faiz artmışdır.

2018-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 29,5 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 14,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,2 faiz üstələmişdir.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

Pərakəndə ticarət dövriyyəsi də artıb

2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 17,0 faizi ticarət müəssisələri, 50,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 37,1 faiz artmış, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda 4,4 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.