Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

19-11-2018 | 11:32        

  

Fransa Prezidenti ümumavropa müdafiə sisteminin yaradılması təklifi ilə çıxış edib

Fransa Prezidenti Emmanuel Makron ümumavropa müdafiə sisteminin yaradılması təklifi ilə çıxış edib. Almaniyaya səfəri çərçivəsində Bundestaqda çıxış edən Fransa Prezidenti Avropanın daha güclü və daha müstəqil olmasının vacibliyini vurğulayıb.

Emmanuel Makronun sözlərinə görə əgər Avropa böyük dövlətlərin əlində oyuncaq olsa, öz müdafiə və təhlükəsizliyinə daha böyük məsuliyyətlə yanaşmasa və beynəlxalq arenada ikinci dərəcəli yerə qane olsa öz rolunu oynaya bilməyəcək.

Almaniyaya səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makron Kansler Angela Merkellə də görüşüb. Tərəflər Avropa İttifaqında islahatlar aparılması təkliflərini dekabrın ortalarına kimi öz tərəfdaşlarına təqdim etmək niyyətində olduqlarını bəyan ediblər.

Tikritdə terror aktı nəticəsində 5 nəfər ölüb, 16 adam xəsarət alıb

İraqın Tikrit şəhərində terror aktı törədilib. Minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb, 16 adam xəsarət alıb. Polisin məlumatına görə hadisə nəticəsində ondan çox avtomobil alışıb. Təhlükəsizlik qüvvələri yeni terror aktı ehtimalına görə şəhərə girişi bağlayıb. Hücuma görə məsuliyəti hələ ki heç kim üzərinə götürməyib. Bununla belə, İraq hökumətindəki mənbələr hadisəni İŞİD terror qruplaşmasının törətdiyini ehtimal edir. Hazırda ölkənin şimalında mindən çox terrorçu gizlənib. Onlar Suriya ordusunun intensiv əməliyyatları nəticəsində döyüş zonasından qaçmış yaraqlılardır.

Tixuanada Mərkəzi Amerika ölkələrindən olan miqrantlar əleyhinə nümayiş keçirilib

Meksikanın Tixuana şəhərində bu ölkə ərazisindən keçməklə ABŞ-da sığınacaq almağa can atan Mərkəzi Amerika ölkələrindən olan miqrantlar əleyhinə nümayiş keçirilib. Aksiyada iştirak edən yüzlərlə adam hökumətdən miqrantları dəstəkləməyə son qoymağı tələb ediblər. Nümayiş iştirakçıları əksəriyyəti Hondurasdan olan miqrantların özlərinə qarşı olmadıqlarını, onların ölkəyə daxil olmaq qaydası ilə razılaşmadıqlarını bildiriblər. Etirazçılar 2000-dən çox miqrantın məskunlaşdığı sığınacaqlara doğru yürüş ediblər. Aksiya zamanı polislə nümayiş iştirakçıları arasında toqquşmalar baş verib. Bu arada, Salvadordan olan 150-yə yaxın miqrant ABŞ-a yola düşüb. Bu, Salvadordan Birləşmiş Ştatlara doğru istiqamətlənən dördüncü miqrant karvanıdır. Ümumilikdə, oktyabrın sonundan 3000-dən çox Salvador vətəndaşı ABŞ-da sığınacaq almaq üçün yola çıxıb. Qeyd edək ki, ABŞ-ın sərhəd mühafizəsini gücləndirməyinə və Prezident Donald Trampın hədələrinə baxmayaraq 5000-dən çox adamdan ibarət miqrant karvanı yoluna davam edir. Aralarında azyaşlıların da olduğu bu insanlar Honduras, Qvatemala və Salvadorda yoxsulluq, təqib və cinayətkarlıqdan qaçırlar.

Kaliforniya ştatında meşə yanğını nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğını nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb. Ölüm hallarının əksəriyyəti Paradays şəhərində qeydə alınıb. 1300-ə yaxın adam itkin düşdüyündən fəlakət qurbanlarının sayının artacağı istisna edilmir. Alov əksəriyyəti yaşayış evləri olmaqla 13 000-ə yaxın tikilini külə döndərib. Noyabrın 8-dən başlayan yanğınla əlaqədar Kaliforniya ştatı fəlakət zonası elan edilib. Ştatdan ümumilikdə 300 mindən çox insan təxliyə olunub. Bu, Kaliforniya ştatının tarixində qeydə alınan ən güclü meşə yanğınıdır. Yerli icra orqanlarının hesablamalarına görə alovun söndürülməsi 3 həftə çəkə bilər.