Xarici xəbərlər

Ermənistanda katolikos II Qareginin ofisinə hücum olub

19-11-2018 | 10:34        

  

Dərin iqtisadi böhran içində olan Ermənistanda ictimai-siyasi vəziyyət gündən-günə gərginləşir. Bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib. Ermənistan parlamenti isə ali dini liderin dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılması haqqında qanun layihəsini qəbul etməyib. 

Ermənistanın Eçmiədzin rayonunda bir qrup şəxs bütün ermənilərin katolikosu II Qareginin ofisinə daxil olmağa cəhd göstərib. Etirazçılar II Qareginin istefa verməsini tələb ediblər. “Yeni Ermənistan, yeni patriarx” devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını deyirlər. O, agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx “məxməri” inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunur. Deputatlar da II Qareginə qarşı çıxırlar. Parlamentin son iclasında katolikosun mühafizəsi haqqında qanun layihəsi qəbul olunmayıb. Sənədi Respublikaçılar Partiyası təqdim edib. Qanun layihəsi parlamentdə qızğın mübahisələrə səbəb olub. Partiyanın sədr müavini Eduard Şarmazanov və bir neçə deputat iclas zalını tərk edib. Sənədin qəbul olunmamasında onlar Nikol Paşinyanın “Çıxış” fraksiyası və tərəfdarlarını qınayıblar. “Çıxış” fraksiyasından isə bildiriblər ki, xalqın arasında katolikosun sərbəst gəzə bilməsi öz problemidir. Bu barədə o, özü düşünməlidir. Deputat Alen Simonyanın sözlərinə görə, Ermənistan büdcəsi ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılmasına imkan vermir. Respublikaçı Marqarit Esayan isə baş naziri də mühafizə xidməti üçün xərclərdən imtina etməyə çağırıb. Bu arada, Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini, sabiq prezident və baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş general-mayor Vaçaqan Kazaryan yenidən həbs edilib. Kassasiya Məhkəməsi Kazaryanın həbsi barədə prokurorluğun şikayətini təmin edib. Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur. 20 iyunda Kazaryanın evində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 milyn dram, 1 milyon 110 min dollar, 230 min 500 avro nəğd pul tapılmışdı. Bank hesabında isə Kazaryanın 436 milyon dram vəsait saxladığı aşkarlanıb. Nəticədə Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini həbs edilsə də, iyulun sonlarında 2 milyon ABŞ dolları girov müqabilində azadlığa buraxılıb.