İqtisadiyyat

Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

16-11-2018 | 13:34        

  

Ölkəmizdə səfərdə olan Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 16-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil qoyub.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.