İqtisadiyyat

Azərbaycan CAREC Proqramının 17-ci Nazirlər Konfransında təmsil olunub

16-11-2018 | 12:39        

  

Türkmənistanın paytaxtı Aşqabadda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının 17-ci Nazirlər Konfransı keçirilib. Toplantı ticarətin genişləndirilməsi və diversifikasiyanın təşviqinə həsr olunub.

Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının 17-ci Nazirlər Konfransında ölkəmiz də təmsil olunub. Türkmənistan Prezident Qurbanqulu Berdiməhəmmədov tədbir iştirakçılarına müraciətində bildirib ki, ölkəsi bu Proqramın əsas prinsiplərini və onun çərçivəsində həyata keçirilən layihələri dəstəkləyir. Toplantıda proqramın ticarət gündəliyi və 2018-2020-ci illər üzrə Strateji Planı, Proqramın fəaliyyət klasterləri üzrə iş planları, ixracın diversifikasiyası və makroiqtisadi sabitlik mövzularında müzakirələr aparılıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar və onların nəticələri, investisiyaların təşviqi və biznesin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının regional əməkdaşlığın təşviqindəki rolundan danışıb. Proqramın məqsədi  üzv ölkələr arasında ticarət, nəqliyyat, enerji və gömrük sahələrində regional iqtisadi əməkdaşlığın dəstəklənməsi, iqtisadi artımın təmin edilməsidir.