Cəmiyyət

16 noyabr Tolerantlıq günüdür

16-11-2018 | 12:33        

  

16 noyabr Tolerantlıq günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə UNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd, qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Bu baxımdan, Azərbaycan indi dünyada bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinə çevrilib.

Azərbaycan dünyada, həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Ümummilli liderin hakimiyyətə ikinci gəlişindən dərhal sonra dini ocaqlar, məscid və kilsələr, sinaqoqlar dövlət himayəsinə götürüldü və təmir-bərpa işləri aparılmağa başlandı. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada ayrı-ayrı millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Xalqımızın dili, dini, mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərləri ilə bərabər, həmin xalqların da ana dilinə, dininə, mədəniyyətinə, adət-ənənələrinə böyük diqqət və hörmətlə yanaşılır. Ölkəmizdə tarixən formalaşan dini və milli dözümlülük yüksək səviyyədədir.

Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövründən bu istiqamətdə mühüm qərarlar qəbul etdi, dini abidələrin bərpası, təmiri ilə bağlı ardıcıl tədbirlər gördü, tolerantlıq örnəyi olan qədim dini ocaqlar, müqəddəs yerlər yenidən quruldu. Bir vacib məqam isə odur ki, ölkəmizdə yaşayan bütün xalqlara, bütün dinlərə məxsus tarixi mədəni abidələr, dini məbədlər də qorunur, bərpa edilir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, “milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvəti”dir.

Prezident İlham Əliyevin dindarlarla, dini icmaların liderləri ilə keçirdiyi görüşlər, onların ehtiyac və problemlərinin həllinə göstərdiyi diqqət, dini bayramlarda müxtəlif dinə mənsub ölkə vətəndaşlarını təbrik etməsi, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə birgə iftar süfrəsində iştirakı, həmin mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların, qurumların nümayəndələrinin qatılması ölkəmizdə tolerant düşüncənin tam bərqərar olduğunu göstərir...

2013-cü il noyabrın 15-də Prezident İlham Əliyevin paytaxtımızdakı Jen-Mironosits kilsəsində olması, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında iştirakı, dini liderlərlə görüşü və digər bu kimi tədbirlər ölkəmizdəki tolerantlıq mühitini daha da möhkəmləndirir.

 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilən Bakı isə artıq dünyada mədəniyyətlərarası və svilizasiyalararası dialoq platformasında vacib faktor kimi çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən mötəbər beynəlxalq tədbirlər Azərbaycanın tolerantlıq ənənələrinə sadiqliyini nümayiş etdirir. İndi ölkəmiz aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi, dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ideal məkana, beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib. Azərbaycan dövləti öz siyasətini, məhz bu möhkəm təməl üzərində qurur, ölkə rəhbəri dövlətin gücünü əhalisinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görür.

2016-cı ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi, ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycan multikulturalizminin dünyada tanıtdırılması, təbliği işinə mühüm töhfədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bir sıra ölkələrdə, o cümlədən Almaniya, İtaliya, Portuqaliya, İsrail, Rusiya, Moldovada filial və nümayəndəlikləri fəaliyyət göstərir, dünyanın onlarla, Azərbaycanın 38 ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. “Multikulturalizm ili” ilə bağlı keçirilən mühüm tədbirlər də təsdiq edir ki, Azərbaycan multikultural dəyərləri ən yaxşı formada təcəssüm etdirən ölkədir.

2016-cı ilin aprelində (25-27 aprel 2016) Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi, bu, dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ən mötəbər tədbirə çevrildi. Forum göstərdi ki, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində də zəngin təcrübəyə malikdir.

Ölkəmiz 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına da uğurla ev sahibliyi etdi. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın mükəmməl təşkilatçılığı ilə oyunlar yüksək səviyyədə keçirildi. Və təkcə idman yarışları kimi deyil, bütün İslam dünyasının birlik, həmrəylik günləri kimi tarixə düşdü.

Xalqımızın digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə göstərdiyi yüksək dözümlülüyün nəticəsidir ki, Roma Papası Fransisk Azərbaycana səfər etdi. Bu səfərin məqsədlərindən biri də ölkəmizdə dini-milli zəmində heç vaxt münaqişələrin, qarşıdurmaların baş verməməsindən qaynaqlanırdı. Papa Fransiskin bu tarixi səfəri ölkəmizdə müxtəlif dini icmalar üçün yaradılan şəraiti bir daha bütün tərəfləri ilə nümayiş etdirdi.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva da ölkəmizdə və ondan kənarda bu sahəyə mühüm töhfələr verir. “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində görülən işlər bunu təsdiq edir. Fondun ölkədəki məscid və kilsələrin tikintisi, yenidən qurulması istiqamətində layihələri ölkəmizdə yaşayan çoxsaylı milli azlıqların bir-biri ilə dinc şəraitdə yaşamasına da müsbət təsir göstərir. Mehriban Əliyevanın qlobal bəşəri dəyərlər, sülh və tolerantlığın təbliğində, fərqli mədəniyyətlər və dinlər arasında dialoq və əməkdaşlıq formatının yaranmasındakı rolu da danılmazdır. Fondun Fransa, Almaniya, İtaliya və digər ölkələrin maddi-mədəni dəyəri sayılan tarixi abidələrin təmirində yaxından iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, Prezidenti İlham Əliyevin səyləri ilə ölkəmizdə yaradılan tolerantlıq mühiti, multikultural dəyərlərə sadiqlik Azərbaycanı unikal qardaşlıq və dostluq məkanına çevirib. Bu mühit, həm də onu təsdiq edir ki, tolerantlıq sülh və əmin-amanlığı hər zaman üstün tutan Azərbaycan xalqının ruhundadır.