Siyasət

Kaliforniyada yaşayan Azərbaycan diaspor nümayəndələri və diaspor təşkilatlarının fəalları ilə görüş keçirilib

16-11-2018 | 12:27        

  

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda Kaliforniyada yaşayan Azərbaycan diaspor fəalları ilə görüş keçirilib.  Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyadakı Azərbaycan icması və bu icma ilə əməkdaşlıq haqqında məlumat verib. Qeyd edib ki, bu gün 1 milyondan çox erməninin yaşadığı Kaliforniya kimi ştatda Azərbaycan icmasının birgə fəaliyyət göstərərək, daha da güclənməsinin böyük əhəmiyyəti var. Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kaliforniyada yaşayan həmyerlilərimizə Azərbaycan dövlətinin diaspor siyasətinin əsas istiqamətləri,  həmçinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin təbliği üçün görülən işlər və Komitənin gələcək planları barədə geniş məlumat verib.   Diaspor Komitəsinin gördüyü işləri əks etdirən və Azərbaycan dövlətinin diaspor siyasətinin təbliğinə yönələn videoçarx nümayiş etdirilib. Görüş iştirakçıları arasında ABŞ-da yaşayan həmyerlilərimizin birlikdə daha effektiv və əlaqələndirilmiş şəkildə fəaliyyət istiqamətləri razılaşdırılıb.