Cəmiyyət

Mənzil təsərrüfat sistemi qış rejiminə keçib

15-11-2018 | 12:47        

  

Ölkəmizdə mənzil təsərrüfat sistemi qış rejiminə keçib. Gələn ilin mart ayına qədər davam edəcək bu iş qrafikinin əsas məqsədi əhalinin qış qayğılarını lazımınca həll etməkdir. “Azərişıq” ASC qış aylarında elektrik enerjisi ilə təchizatda problemin olmayacağını bildirir. Bunun üçün cəmiyyətin balansındakı elektrik şəbəkələrində 54 ədəd yeni 110 kilovoltluqluq yarımstansiyalar inşa edilib. Regionlarda 17725 kilometr müxtəlif gərginlikli elektrik xətləri çəkilib. “Azəristiliktəchizat” ASC-dən isə deyirlər ki, 2018-2019-cu illər payız-qış mövsümündə 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektinin istiliklə təmin edilməsi nəzərdə tutulur. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən isə yanvar-oktyabr ayları ərzində 2 min 848 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib. 208,8 kilometr qaz kəmərləri əsaslı təmir edilib. Nəticədə  99 qəsəbə, kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin olunub. Bununla da respublika üzrə qazlaşdırılmış ümumi istehlakçıların sayı 2 milyon 164 min 319-a çatdırılıb. Bakı şəhər İcra Hakimiyyəti isə indiyədək paytaxt üzrə çoxmərtəbəli yaşayış binalarının 600-dən artıq giriş qapısı və pilləkən hissələrini əsaslı təmir edib. Bu il ərzində 271 min 967 kvadratmetr dam örtüyü əsaslı təmir edilib.11 min paqonometrə yaxın su navalçaları, 6 min 412 paqonometr su borusu dəyişdirilib. Binalardakı tüstü bacaları və nəfəsliklər təmizlənib. Ümumilikdə şəhər üzrə 20 min kvadratmetrə yaxın 9 mərtəbəli, 16 min kvadratmetrə yaxın 5 mərtəbəli binaların fasadları əsaslı təmir edilib. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı departamentinin qış qarajında da hazırlıq işləri başa çatdırılıb. Qarajın balansında olan 100-ə yaxın maşın və mexanizm tam işlək vəziyyətə gətirilib, test olunub. Bu maşınların 40-ı qarlı-şaxtalı havada işləyən xüsusi təyinatlı texnikadır. Eyni zamanda, qarlı havada yolların təmizlənməsi üçün 3 min tondan artıq texniki duz tədarük olunub.