Xarici xəbərlər

Nikol Paşinyan keçmiş hökumət nümayəndələrilə əməkdaşlıqda günahlandırılır

15-11-2018 | 11:37        

  

Dərin iqtisadi böhran içində olan Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. İşğalçı ölkənin İstintaq Komitəsi sabiq prezident Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürüb. Vətəndaşları parlament seçkilərini baykot etməyə çağıran Xristian-demokrat hərəkatının lideri, politoloq Levon Şirinyan isə Nikol Paşinyanı keçmiş hökumət nümayəndələrilə əməkdaşlıqda günahlandırır.

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı açılan cinayət işinə yeni ittihamlar əlavə edib. Bunu Koçaryanın vəkili Ovanes Xudoyan deyib. O, bildirib ki, Robert Koçaryan 2008-ci il martın 1-də İrəvanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunur. İndi isə onun maliyyə maxinasiyaları və çirkli pulların yuyulmasında iştirak etdiyinə dair faktlar üzə çıxıb.  Belə ki, Ermənistan Təhlükəsizlik Xidməti sabiq prezidentin qanunsuz yolla yüzlərlə milyon dollar gəlir əldə etdiyini, həmçinin, Koçaryanın İrəvandakı  “Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair məlumat əldə edib. Xristian-demokrat hərəkatının lideri, politoloq Levon Şirinyan isə keçmiş hökumət üzvləri ətrafında baş verən bütün bu hadisələrin şou xarakteri daşıdığını, cəmiyyətin diqqətini parlament seçkilərindən uzaqlaşdırmağa hesablandığını açıqlayıb. Seçiciləri seçkini baykot etməyə çağıran Şirinyan Köçəryan, Sarkisyan, Şmays və Manvel dövrünün qayıtdığını açıqlayıb. Çünki onun fikrincə, Paşinyan keçmiş düşmənlərinə bel bağlamağa başlayıb. Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun seçki siyahısında Respublika partiyasının üzvlərinin olması Ermənistanda birmənalı qarşılanmayıb. Siyasi ekspertlər nəinki Nikol Paşinyanın siyahısında Şirak Torosyan və Feliks Çolakyan kimi keçmiş respublikaçıların olmasını, hətta onun köhnə seçki məcəlləsi ilə seçkilərə getməsini qəbul etmirlər. Xristian-demokrat hərəkatının liderinin fikrincə Paşinyan köhnə seçki məcəlləsi ilə seçkilərə getməklə yenidən Robert Koçaryan və Serj Sarkisyan kimi quldurlar üçün meydan açıb.