Digər

Dubayda ənənəvi avia-şou başlayıb

14-11-2011 | 18:19        

  

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində beynəlxalq aviaşou keçirilib. Dubayın 12-ci aviasalonu qonaqların sayına görə tarixdə ən irimiqyaslı aviasiya sərgisi hesab edilir. Dubayda keçirilən avia-şouya dünyanın müxtəlif ölkələrindən minə  yaxın iştirakçı qatılıb. Sərgiyə 55 min tamaşaçının gələcəyi gözlənilir. Noyabrın 17-dək davam edəcək avia-şouda Yaxın Şərqdə ilk dəfə olaraq Boinq “Drimlayner” 787 və Boinq V-22 “Tilt Rotor” tipli təyyarələr nümayiş olunur. Bu təyyarənin özəlliyi şaquli şəkildə enib-qalxmaq qabiliyyətinə malik olmasıdır.  Bu ilki aviaşou Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 40-cı ildönümünə təsadüf edib. Sərgi çərçivəsində dünyanın nəhəng təyyarə istehsalçısı olan “Boeinq" aviaşirkəti öz tarixində ən böyük kommersiya sazişinə imza atıb. “Emireyts” hava yolları şirkəti 50 ədəd “Boinq 777” tipli sərnişin təyyarəsi almağa qərar verib. Sifarişin ümumi dəyəri 18 milyard dollardır. Bu haqda jurnalistlərə “Emirates Hava yolları” şirkətinin baş direktoru şeyx Əhməd Bin Səid Əl-Maktum bildirib. Bu, Amerika təyyarə istehsalçısının tarixində ən böyük və bahalı müqavilədir. Boeing-777 təyyarələrinin alınmasına dair müqavilə Dubay aviaşousunda imzalanıb. Bununla da, Boeing-777 bu il edilən sifarişlərin sayına görə əsas rəqibi "Airbus"ı geridə qoyub.  Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" hava yolları rekord qiymətli müqaviləyə imza atmaqla Asiya, Avropa və ABŞ hava yollarının ən güclü rəqibi olmağa iddialı olduğunu nümayiş etdirib. İxtiyarında artıq 162 təyyarə olan Dubay sərnişin daşıyıcısı yeni sifariş etdiyi Boeing-777 təyyarələrini 2015-ci ildən başlayaraq ala biləcək.