Bölgələr

Zəfəran yığımı davam edir

08-11-2018 | 15:05        

  

Abşeron torpağı üçün xarakterik olan zəfəran artıq Zərdabda da əkilib-becərilir. Dövlətin dəstəyinin nəticəsi olaraq bölgələrdə kənd təsərrüfatının həm ənənəvi, həm də qeyri-ənənəvi sahələri inkişaf etdirilir. Zərdabda da bu rayon üçün ənənəvi sahələr olan baramaçılıq, pambıqçılıq, taxılçılıq, heyvandarlıqda yüksək nəticələr əldə edildiyi kimi əsasən cənub bölgəsində əkilən çəltik, Abşeronun adı ilə bağlı olan zəfəran yetişdirənlər də var.

Belə zəfəran sahələrini Abşeronda görmüşük. Əsasən də Bilgəhdə. Amma ”Şərqin mözüzəsi” sayılan Abşeron zəfəranı artıq 7 ildir ki, Zərdabda da becərilir. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyyatlar İnstitutunun professoru, mərhum Yusif Ağayevin tövsiyyələri, Akademiyanın Genetik Ehtiyyatlar, Əkinçilik institutları və Gəncə Dövlət Aqrar Universitetinin uzun illər apardığı tədqiqatlar öz nəticəsini verib. Bura fermer Asif Mahmudovun zəfəranı öz sahəsində becərmək arzusunu və çəkdiyi zəhməti də əlavə edəndə... nəticə göz qabağındadır.

Əkin  sahələrinin genişləndirilməsi zəfəran yetişdirməyə, daha çox məhsul götürməyə imkan verəcək. Fermer bu ilki məhsuldarlıqdan da razıdır. Hazırda sahədən 1 kq-a qədər məhsul yığılıb. Amma daha 2 kq da məhsul gözlənilir.

Zəfəran əkib-becərmək səbr, gərgin zəhmət və diqqət tələb edir. Zəfəranın hər ləçəyini qorumaq lazımdır. Çünki bir kiloqram quru zəfəran almaq üçün 200 minə yaxın çiçək lazımdır.

Zəfəranın çəkisi qramlarla ölçülsə də, dünyanın ən bahalı ədviyyatları sırasındadır. Zəfəranın 1 kiloqramının qiyməti 300 manatdan 1000 manat arasında dəyişir. Qiymətin belə yüksək olmasının bir səbəbi onun hazırlanma prosesinin çətin və xərc aparan olmasıdırsa, digər səbəbi zəfəranın orqanizmə saysız-hesabsız faydaları ilə bağlıdır. Zəfəran əczaçılıq sənayesində geniş iştifdə edilir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir, sinir sisteminə sakitləşdirici təsir edir, yaddaşı və diqqəti, maddələr mübadiləsini yaxşılaşdırır, insanı daha gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır, orqanizmdə gedən qocalma proseslərini ləngidir. Hətta xərçəngin profilaktikasında da istifadə olunur. Zəfərandan kulinariyada da çox istifadə edilir. Elə bu xüsusiyyətlərinə görə də şəninə mahnı bəstələnib. Həmin məşhur mahnıda deyildiyi kimi, “Açılan süfrələrdə yerin görünür hər an, zəfəran, ay zəfəran...”