Analitika

ÜDM-in artımı: statistikada və beynəlxalq hesabatlarda

08-11-2018 | 12:14        

  

Azərbaycanın iqtisadi inkişaf tempi ÜDM-in artımı ilə bağlı statistikada aydın görünür.

Əvvəlcə statistikanı nəzərdən keçirək: 

Ölkəmizdə ÜDM istehsalı və onun adambaşına düşən həcmi ardıcıl olaraq artıb. 1996-ci ildən başlayaraq ölkədə ÜDM istehsalı artmaqdadır. Belə ki, 1996-cı il ərzində o, 1,3% səviyyəsində qeydə alınmışdısa, 1997-ci ildə bu rəqəm 5,8%, 1998-ci ildə 10%, 1999-cü ildə 7,4%, 2000-ci ildə 11,1%, 2001-ci ildə 9,9%, 2002-ci ildə 10,6% təşkil etmişdir.

2003-də ÜDM-in artımı 11,2% təşkil edib ki, 2004-cü ildə 10,2%, 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə 25%, 2008-ci ildə 10,8%, 2009-cu ildə 9,3%, 2010-cu ildə 5% artım olub.

2011-ci ildə 0,1% artım qeydə alınmışdı. 2012-ci ildə 2,2%, 2013-cü ildə 5,8%, 2014-cü ildə 2,8%, 2015-ci ildə isə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1% artmışdı. 2016-cı ildə 3,1% azalmadan sonra 2017-ci ildə 0,1% artımın qeydə alınması da müsbət göstərici idi, çünki bu illərdə dünyada iqtisadi böhran davam edirdi və neftin qiyməti düşməkdə idi.

2018-ci ildə ÜDM-in artımı 1,5% səviyyəsində proqnozlaşdırılıb və ilin 9 ayının statistikası bu proqnozun özünü doğrultduğunu təsdiq edir.

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da isə bildirilir ki, 2019-cu ildə ÜDM-nin artım tempi 3,1 %, 2020-ci ildə 3,5 %, 2021-ci ildə isə 2,4 % təşkil edəcək. Manatla ifadədə isə ümumdaxili məhsul istehsalı müvafiq olaraq, 75 milyard 389 milyon, 81 milyard 245 milyon, 84 milyard 973 milyon təşkil edəcək.

2018-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 57761,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilib.

2018-ci ildə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 1,0 faiz, neft sektorunda isə 0,5 faiz artıb. Əlavə dəyərin 6,3 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5889,2 manata bərabər olub.

EBRD: Azərbaycanda ÜDM 2019-cu ildə 3,5% artacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 1,5% artacağını proqnozlaşdırır.

Bu barədə EBRD-nin "Regional Economic Prospects" adlı noyabr ayı üzrə hesabatında deyilir.

EBRD-nin proqnozuna əsasən, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% artacaq.

"Neftin yüksək qiymətləri və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatında artımı dəstəkləyir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 0,8% artıb. Bu artım qeyri-neft sektorunun 1% böyüməsi hesabına baş verib. III rübün nəticələrinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 44,5 mlrd. dollar təşkil edib ki, bu da 2017-ci ilin sonu ilə müqayisədə 8,2% çoxdur. 2017-ci ilin aprelindən bəri manatın ABŞ dollarına qarşı məzənnəsi sabitdir. 2018-2019-cu illərdə qaz hasilatının və ixracının artması hesabına Azərbaycanda ÜDM-in tədricən artacağı gözlənilir", - deyə hesabatda vurğulanıb.

Hesabatda qeyd olunub ki, Azərbaycanda inflyasiya 2017-ci ildəki 12,9% səviyyəsindən 2,6% səviyyəsinə enib: “Uçot dərəcəsi ilin əvvəlindəki 15%-dən 10%-ə qədər endirilib. Gözlənilir ki, yeni fiskal qaydalar gələn ildən maliyyə intizamını yaxşılaşdıracaq”.

Qeyd edək ki, bu ilin may ayında EBRD 2018-ci ildə Azərbaycanda ÜDM-in 2,5%, 2019-cu ildə isə 3,5% artacağını proqnozlaşdırıb.

Azərbaycan 32 pillə irəlilədi

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlib.
Azərbaycan biznes və həyatın 11 sahəsində müxtəlif göstəricilər üzrə 190 ölkə arasında ən yaxşılardan biri seçilib.

Hesabatda xüsusilə qeyd olunub ki, Azərbaycan 190 ölkə sırasında iqtisadiyyatlarında ən çox nəzərəçarpan irəliləyişin olduğu 10 ölkədən biridir. Bu onluğa Azərbaycanla yanaşı, Çin, Türkiyə, Hindistan və digər ölkələr də daxil olublar.

Reytinq cədvəlinə əsasən, Azərbaycan xarici şirkətlərin rahatlıqla və heç bir süni əngəl olmadan biznes qura biləcəkləri ən yaxşı 9-cu ölkədir. Eyni zamanda, Azərbaycan kiçik investorların hüquqlarının müdafiəsini ən yaxşı şəkildə təmin edən ikinci ölkədir.

Qeyd edək ki, bundan əvvəl “Doing Business-2018” reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.

Keçənilki hesabatda ölkəmizin mövqeyi 10 indikatordan 6-sı üzrə yaxşılaşıb: elektrik enerjisinə əlçatanlığa görə 3 pillə, daşınmaz əmlakın qeydiyyatı üzrə 1 pillə, kiçik sərmayəçilərin hüquqlarının qorunması üzrə 22 pillə, vergilərin ödənməsinə görə 5 pillə, müqavilələrin icrasına 6 pillə və müflisləşmənin həllinə görə 39 pillə irəliləmişdik.