Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

08-11-2018 | 11:17        

  

Senat miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı layihəni qəbul edib

İtaliya Senatı miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı mübahisəli qanun layihəsini qəbul edib. Senatın 163 üzvü Daxili işlər naziri Matteo Salvinin təqdim etdiyi sənədin lehinə, 59 üzvü əleyhinə səs verib. Qanun layihəsi İtaliyada sığınacaq verilməsi qaydalarının sərtləşdirilməsini nəzərdə tutur. Ölkəyə gələn miqrantların böyük qaçqın düşərgələrinin ərazisində yerləşdirilməsi planlaşdırılır. Sənədə əsasən cinayət törətdikləri və ya öz vətənlərinə qısa müddətə qayıtdıqları təqdirdə miqrantlar İtaliyada sığınacaq almaq hüququndan məhrum edilə bilərlər. Bundan əlavə, hökumət milli təhlükəsizlik üçün təhlükə törədən əcnəbiləri vətəndaşlıqdan çıxara biləcək. Sözügedən layihə noyabrın sonunadək parlamentin aşağı palatasında səsverməyə çıxarılacaq. Analitiklərin fikrincə qanun layihəsi aşağı palata tərəfindən qəbul olunacaq.

Əcnəbilərə və müsəlmanlara qarşı nifrət artıb

Almaniyada ksenofob meyllər artıb. Leypsiq universitetinin nəzdində sağ ektremizmin və demokratiyanın tədqiqi mərkəzi keçirdiyi sosioloji sorğuların nəticələrinə əsasən bu qənaətə gəlib. Tədqiqatçılar müəyyən ediblər ki, ölkənin şərqində sakinlərin 30%-dən çoxu əcnəbilərə qarşı düşmən mövqeyindədir. Hesabatda bildirilir ki, müsəlmanlara və qaraçılara qarşı mənfi münasibət xüsusilə artıb. Sorğuda iştirak edənlərin 60%-dən çoxu qaraçıların cinayətkarlığa meylli olduğunu bildirib. 44%-dən çox respondent isə müsəlmanların Almaniyaya gəlişinə qadağa qoyulmasının tərəfdarı olduğunu deyib. Sorğuda iştirak edənlərin 55%-dən çoxu müsəlmanlara görə özlərini ölkələrində yad kimi hiss etdiklərini bildirib.  Tədqiqat Almaniyada antisemit meyllərin də artdığını göstərib. Sorğunun nəticələrinə görə hər on almandan biri yəhudilərə qarşı mənfi münasibət bəsləyir. Tədqiqatın müəllifləri hesab edirlər ki, Almaniyada ksenofob meyllərin artması ölkədəki demokratiya üçün ciddi təhdid yaradır.

Hebey əyalətində kimya zavodunda partlayış nəticəsində 6 nəfər ölüb

Çinin Hebey əyalətində kimya zavodunda partlayış baş verib. Sinle şəhərində yerləşən zavodda sobanın partlaması nəticəsində 6 nəfər ölüb, 7 adam xəsarət alıb. Yaralılardan 2-nin vəziyyəti ağırdır. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Tornado dağıntı və tələfata səbəb olub

ABŞ-ın Tennessi ştatında tornado ciddi dağıntılara səbəb olub. Güclü külək nəticəsində 2 nəfər həlak olub, 3 adam xəsarət  alıb. Qasırğa 4 evi tamamilə dağıdıb, çox sayda tikiliyə ciddi ziyan vurub. Sürəti saatda 250 km-i keçən külək ağacları aşırıb, elektrik xətlərini sıradan çıxarıb. Üç yüzədək sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.