İqtisadiyyat

Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib

08-11-2018 | 11:13        

  

Bolqarıstan paytaxtında Ticarət-İqtisadi və Elmi-Texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan müştərək komissiyasının 5-ci iclasına yekun vurulub. Həmçinin Bolqarıstan-Azərbaycan biznes forumu da keçirilib.

Bolqarıstan-Azərbaycan biznes forumuna böyük maraq var idi. Tədbirin keçirildiyi məkanda ölkəmizin şirkətləri Azərbaycanda istehsal olunmuş keyfiyyətli məhsulları bolqarıstanlı həmkarlarına təqdim edir və gələcək əməkdaşlıq üçün yeni imkanlardan maksimum faydalanmağa çalışırdılar. Ölkəmizdən 25-dən çox, Bolqarıstandan isə 100-dən artıq şirkətin iştirakı ilə keçirilən forumda Bolqarıstanın energetika naziri Temenujka Petkova, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, ölkəmizin İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, hər iki ölkənin müvafiq qurumlarının, o cümlədən şirkətlərinin təmsilçiləri çıxış edərək forumun əhəmiyyətini yüksək qiymətləndirdiklərini vurğuladılar. Son bir neçə ildə ölkələrarası ticarət dövriyyəsinin sürətlə artdığı məmnunluqla qeyd olundu. Həm Azərbaycanda, həm də Bolqarıstanda əlverişli biznes mühitinin olmasından, iş adamlarının bu imkanlardan daha da səmərəli istifadə etmələrinin zəruriliyindən bəhs olundu.

Biznes forumda bildirildi ki, Azərbaycan prezidenti İlham Əliyevin müəyyən etdiyi strategiya əsasında ölkə iqtisadiyyatının bütün sahələrində sürətli inkişaf təmin olunub. Azərbaycanda biznes mühiti yaxşılaşdırılıb, qanunvericilik bazası möhkəmləndirilib, yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb. Bu gün Azərbaycan iqtisadiyyatı bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının 60 faizindən çoxunu təşkil edir. Beynəlxalq reytinqlərdə də mövqelərimiz günü-gündən möhkəmlənir. Dünya bankının "Doing buziness 2019" hesabatında  Azərbaycanı 10 ən islahatçı ölkədən biri seçilib. 190 ölkə arasında 25-ci pilləyədək irəliləyən ölkəmizdə biznes, sərmayə üçün əlverişli şərait mövcuddur. 

Qeyd edək ki, Sofiyada keçirilən Ticarət-İqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan müştərək komissiyasının 5-ci iclasına da yekun vuruldu. Hər iki tərəf nəticələri yüksək qiymətləndirdiyini bəyan etdi.

Sonda Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının yekunlarına dair sənədlər imzalanıb. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirliyinin Aqrar elm və İnnovasiya mərkəzi və Bolqarıstan Respublikası Kənd Təsərrüfatı Akademiyası arasında elmi-texniki əməkdaşlıq, Bolqarıstan Milli Sənayə Zonaları Şirkəti və Sumqayıt Kimya Sənaye parkı arasında əməkdaşlıq və  Bolqarıstan Beynəlxalq Ali Biznes məktəbi və Azərbaycan turizm və menecement universiteti arasında əməkdaşlıq haqqında sazişlər, həmçinin Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının yekunlarına dair protokol imzalandı. Qeyd edək ki, həmin sənəddə ticarət-iqtisadi və elmi-texniki bazanın genişləndirilməsi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.