Cəmiyyət

Bakı Metropoliteninin kollektivi qarşıya qoyulan vəzifələrin layiqincə icrası üçün əzmlə çalışır

08-11-2018 | 09:52        

  

Bakı Metropolitenin yaranması tarixi 50 ili üstələyir.  Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı müvafiq sərəncama əsasən hər il noyabrın 8-də peşə bayramlarını qeyd edən Bakı Metropoliteninin kollektivi qarşıya qoyulan vəzifələrin layiqincə icrası üçün əzmlə çalışır...

1967-ci il noyabrın 6-sı Azərbaycanda xatirələrdə əbədi yaşanacaq və tarixə düşəcək bir gün oldu. Həmin gün metronun “Bakı Soveti” – indiki “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu 10 kilometrdən bir qədər az olan xətt üzrə hərəkətə başladı. “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları da həmin xəttin üzərində yerləşirdi. 3 ay sonra isə 2,3 kilometr uzunluğunda “28 May – Xətai” xətti istismara buraxıldı. “Xətai” stansiyası ilə birgə 1968-ci ildə stansiyaların ümumi sayı 6-ya çatdırıldı. 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə metro da gur inkişaf dövrünə qədəm qoydu. Tezliklə “Ulduz”, “Məşədi Əzizbəyov - indiki “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Nizami” və “Bakmil” stansiyaları işə düşdü. Qəlbi daim Azərbaycanla döyünən ulu öndər Heydər Əliyev Moskvada çalışdığı və nəqliyyat sektorunu da idarə etdiyi illərdə Bakıda yeraltı nəqliyyatın inkişafına hərtərəfli dəstək verdi. 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” və “Memar Əcəmi” stansiyaları araya-ərsəyə gətirildi. Üç il sonra “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarının inşası da başa çatdırıldı. Bakıda metro tikintisi zamanı çuqun tübinqlər və digər avadanlıqlarla bağlı qarşıya çıxan silsilə çətinliklərin aradan qaldırılması üçün ulu öndər bütün imkanlardan maksimum istifadə etdi. SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsində çalışan, Siyasi Büronun üzvü Heydər Əliyevin əsaslı səyləri hesabına araya-ərsəyə gətirilən 1983-cü il 23 dekabr tarixli protokol Sovet İttifaqında metropolitenin və həmin sahə ilə bağlı istehsal müəssisələrinin hərtərəfli inkişafına təkan verdi.

Müstəqilliyin ilk illərində böyük çətinliklərə baxmayaraq ümummilli lider Heydər Əliyevin əsaslı səyləri və yüksək nüfuzu sayəsində  “Cəfər Cabbarlı” və “Həzi Aslanov” stansiyaları istismara buraxıldı. Beləliklə, ulu öndərin rəhbərliyi dövründə Bakı Metropolitenin istismara buraxılan xətlərinin ümumi uzunluğu 22 kilometri ötdü.

2003-cü ildən bəri Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-2009-cu illərdə dövlət büdcəsindən ayrılan 600 milyon manata qədər vəsait hesabına “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları, eləcə də, “28 May” stansiyasının ikinci çıxışı soydaşlarımızın ixtiyarına verildi və sərnişinlərə xidmətin səviyyəsini köklü şəkildə yaxşılaşdırmaq üçün digər mühüm işlər görüldü. 2004-2012-cü illər ərzində dövlət başçısının tapşırığına uyğun olaraq müasir tələblərə cavab verən 116 vaqon alındı, hərəkətin təşkilinin qrafik sistemi və  xeyli başqa  yeniliklər tətbiq olundu.

2010-cu il noyabrın 4-də keçirilən Azərbaycan Prezidenti yanında metropolitenin perspektiv inkişafı ilə əlaqədar müşavirədə aparılan hərtərəfli müzakirələr, 2011-ci il martın 18-də təsdiq olunan konseptual inkişaf sxemi və 20 illik perspektiv inkişafla bağlı ilk beşillik Dövlət Proqramı Bakı Metrosunun misligörünməmiş yeni inkişaf mərhələsinə start verdi.  Bu işlərin uğurla reallaşdırılması üçün Prezident İlham Əliyev Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasını məqsədəuyğun saydı, həmin quruma yeni rəhbər təyin etdi. Beləliklə,  zamanın tələbinə müvafiq daha çevik struktur formalaşdırıldı və Azərbaycanın dövlət siyasətində insan amilinin başlıca meyar olduğu bir daha təsdiqini tapdı.

Tezliklə 5 vaqondan ibarət 3 qatar paytaxta gətirildi. Həmin qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur və sislilə üstünlükləri var. 2015-ci il aprel ayının 16-da Bakı Metropoliteni tarixində mühüm hadisəyə çevrilən yeni Diaqnostika və Metroloji Təminat Mərkəzi də Prezident İlham Əliyevə təqdim olundu. Hazırda bu kompleks metropolitendə təhlükəsizliyin bir nömrəli təminatçısına çevrilib. Ötən illərdə metropolitendə inşaat işlərində “Qruntda divar” kimi mütərəqqi üsul və metodların, ən müasir tunelqazma və digər qurğuların tətbiqi genişləndirildi. 2015-ci il dekabrın 28-də “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istismara buraxıldı. Prezident İlham Əliyev 2016-cı ilin yazında Bakı Metropoliteninin yeni Bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak etdi. Həmin stansiyalar artıq Bakı Metropolitenində Avropa standartlarına keçidin vüsət götürməsinə və bunun ardıcıl xarakter daşımasına dəlalət edir. 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitələrinin  sərnişindaşımanın yüksək keyfiyyətdə təşkilinə görə “Bakı Metropoliteni” QSC-yə minnətdarlıq məktubları göndərməsi də həyata keçirilən işlərə verilən adekvat qiymət kimi dəyərləndirilməlidir.

Bakı metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi»nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin, 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr uzunluğunda metro xəttindən ibarət olacaq. Bu illər ərzində 51 yeni stansiyanın inşa edilməsi nəzərdə tutulub.

İndi Bakı Metropolitenində beynəlxalq təcrübə əsasında silsilə və kompleks yenidənqurma tədbirləri həyata keçirilir, CBTC – qatarların radiokanal nəzarəti və idarəetmə sistemi kimi ən son elmi-texniki yeniliklərin tətbiqi, kadr hazırlığı və kollektivin sosial qayğılarının həlli məsələləri daim diqqət mərkəzindədir.

Bakıda sərnişindaşımanın təqribən 30%-i metropolitenin payına düşür.  Dünyanın ən iri meqapolislərinin təcrübəsi də göstərir ki, metro tikintisi tıxac probleminin həllində ən sınanmış çıxış yoludur. Əgər, istismara verildiyi ilk illərdə Bakı Metropolitenində il ərzində orta hesabla 35-40 milyon sərnişin daşınırdısa, hazırda həmin göstərici ildə 215 milyona çatıb. Bu da   gün ərzində orta hesabla 580 000, bəzi günlərdə isə 800 000 sərnişinin mənzil başına çatdırılması deməkdir. Ötən illərdə sərnişindaşımadakı mütamadi artım dinamikası Bakı Metropolitendə yeni stansiyaların tikintisinin və mövcud stansiyaların yenidən qurularaq müasir standartlara uyğunlaşdırılmasının, metropolitenin konseptual inkişaf sxeminin vaxtında və yüksək keyfiyyətlə icrasının  vacibliyini bir daha qabarıq şəkildə təsdiqləyir...

Bakı metropolitenində infrastrukturun idarə olunması və hərəkətin təşkili ilə baglı "Nərimanov" elektrik deposunda qatarların cari təmiri sexi yenidən qurulub, ölkə xaricindəki müəssisələrdən asılılığı azaldan əhəmiyyətli yenilik kimi ilk dəfə qatarların əsaslı təmiri sexi istifadəyə verilib və modernləşdirmə işləri aparılıb. Metropoliten tarixində ən əhəmiyyətli yeniliklərdən biri də  əsas təmir işlərinin aparıldığı 3 saylı cari təmir sexinin yenidənqurulmasıdır. Bakı metropolitenində ilk dəfə dünya standartları səviyyəsində qatarların sınaq yolu da yaradılır və digər vacib silsilə tədbirlər reallaşdırılır.

Növbəti peşə bayramının sevincini yaşayan Bakı Metropoliteninin kollektivi dövlət başçısının qarşıya qoyduğu tapşırıqların layiqincə icrası üçün səylə çalışır və onlara göstərilən yüksək etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər.