Bölgələr

Limon yığımı davam edir

08-11-2018 | 09:07        

  

Astaranın adı gələndə ətirli limonu yada düşür. Yerli sitrusçular deyir ki, yetişdirdikləri limon bazarlarda əl-əl axtarılır. Çünki çay süfrələrinin bəzəyi olan Astara limonu öz dadı və tamı ilə digərlərindən fərqlənir. Hazırda rayonda limonn yığımı davam edir. Məhsuldarlıq da fermerlərin ürəyincədir.

Bura Astaranın Kijəbə qəsəbəsidir. Burada hər həyətdə limon ağacı var. Sakinlər sitrus meyvələrinin əksər növlərindən- feyxoa, kinkan, kivi, portağal və naringi yetişdirsələr də, limona daha çox üstünlük verirlər. Bunun da bir sıra səbəbləri var. Uzun illərdir sitrusçuluqla məşğul olan Şakir Dadaşov deyir ki, digər sitrus meyvələrindən fərqli olaraq limonu ağacda uzun müddət saxlamaq mümkündür. Bu da meyvəni yaza qədər toplamağa imkan verir. Belə üstünlüyünə baxmayaraq, limon həm də zəhmət tələb edən bitkidir. Gərək il boyu qulluğunda durasan... Bizim müsahibimiz də deyir ki, məhsuldarlığın sirri də məhz budur.

Artıq bir neçə gündür yığıma başlayan bağbanlar məhsuldarlıqdan razıdırlar. Ötən il hər ağacdan 300 limon götürən təsərrüfat sahibi, bu il 500-ə yaxın olduğunu deyir. Meyvənin satışı ilə bağlı da çətinlik yoxdur. Çünki limonun bir qismi indi yığılıraq paytaxt və digər bölgələrin bazarlarına göndərilir. Qalan hissəsi isə ağaclarda may ayına qədər saxlanılır.

Astaralılar deyir ki, yetişdirdikləri limon bazarlarda əl-əl axatarılır. Çünki Astara limonu çay süfrələrinin bəzəyidir. Həm də öz dadı-tamı ilə digərlərindən fərqlənir. Ona görə də Astara limonuna hər zaman tələbat var. Hələləlik fermerlər bu meyvəni yerli bazarda satmağa üstünlük versələr də, az bir qismi Rusiya bazarlarına göndərilir. Limonun orqanizmimiz üçün faydaları da saymaqla bitməz. Ən əsası, bu meyvə antioksidantdır, vücudumuzdan zəhərli maddələri, toksitləri təmizləyir. Qan şəkərinin isə əsl dərmanıdır. Ümumilikdə, Astarada 3 min 711 hektar sitrus və  subtropik meyvə bağları var ki, bunun bir hektarı limonun payına düşür. Bu sahəyə dövlətin dəstəyindən ruhlanan fermerlər gələcəkdə bağların sahəsini artırmağı düşünürlər.