Cəmiyyət

Bakı Slavyan Universitetində Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub

08-11-2018 | 09:04        

  

“Mehdi Hüseynzadə Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.” Bu fikirlər Bakı Slavyan Universitetində əfsanəvi qəhrəmanın 100 illik yubileyinə həsr olunan tədbirdə səslənib.

Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının fəal nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən tədbirlərə başlanılıb. Bu münasibətlə Bakı Slavyan Universitetində keçirilən tədbir Azərbaycan bayrağının gətirilməsi ilə başladı. Sonra dövlət himni səsləndirildi. Universtetin rektoru Nurlana Əliyeva dedi ki, Mehdi Hüseynzadənin şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsl nümunədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin I müavini Zaur Abdullayev da bildirdi ki, Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə misilsiz hərbi şücaəti ilə böyük şöhrət qazanıb. Bildirildi ki, Mehdi Hüseynzadə Bakının Novxanı kəndində anadan olub, təhsilini Bakı Rəssamlıq məktəbində, Leninqrad Xarici Dillər İnstitutunda, Azərbaycan Pedaqoji İnstitutunda alıb. “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadə İtaliyanın Vitovlye kəndində həlak olub. Ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Mehdi Hüseynzadənin bacısı oğlu Hənifə Əlizadə çıxış edərək göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə yaxınları adından minnətdarlığını bildirdi. Sonra Mehdi Hüseynzadəyə həsr edilən qısa film nümayiş olundu. Universitetin tələbələri Mehdi Hüseynzadəyə  məxsus şeirləri səsləndirdilər. Onun şerlərinə yazılan mahnılar da ifa edildi.