İqtisadiyyat

2019-ci ilin dövlət büdcəsinin Milli Məclisin komitələrində müzakirəsi başa çatıb

07-11-2018 | 15:49        

  

Milli Məclisin komitələrində 2019-ci il üçün ölkənin əsas maliyyə sənədinin müzakirəsi yekunlaşıb. Növbəti ilin büdcə layihəsi son olaraq parlamentin hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, gənclər və idman komitələrinin birgə iclasında müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

2019-cu il dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin maliyyə təminatı nəzərə alınıb. Ölkənin əsas maliyyə sənədinin Milli Məclisin növbəti beş komitəsində müzakirəsi zamanı da dövlət büdcəsinin əhatəli, zamanın çağırışlarına, dövrün reallıqlarına uyğun hazırlandığı qeyd olundu.

Maliyyə sabitliyinin qorunması və iqtisadi artımın müsbət meyilləri növbəti ildə də davam edəcək. 2019-cu il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə əsasən 2019-cu ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3,6 faiz olmaqla, 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9 faiz olmaqla 50,5 milyard manat təşkil edəcək. Qeyri-neft sektorunun inkişafının təmin edilməsi növbəti illərdə də iqtisadi prioritetlərdən biri olmağa davam edəcək. 2019-cu ildə də dövlət büdcəsinin investisiya tutumlu və sosial yönümlülüyü təmin ediləcək. Ölkə iqtisadiyyatının inkişafına yönəlmiş investisiya qoyuluşlarının artımı növbəti illərdə də davam edəcək. 2019-cu ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 2,2 faiz artaraq 17,9 milyard manat proqnozlaşdırılır ki, bunun da 58,1 faizi daxili investisiyaların, 41,9 faizi isə xarici investisiyaların payına düşəcək. 2019-cu ildə qeyri-dövlət investisiyalarının həcmi 8,9 milyard manat olmaqla, ümumi investisiyaların 50 faizini təşkil edəcək. 2019-cu ildə əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir.

2019-cu ilin dövlət büdcəsinə də Hesablama Palatası da müsbət rəy verərək sənədi Milli Məclisin plenar iclasında baxılmağa tövsiyyə edib.

Növbəti ildə ölkədə bələdiyyə seçkiləri keçiriləcək ki, bu proses üçün də dövlət büdcəsində 53,9 milyon manat, əhalinin siyahıya alınmasının keçirilməsi ilə bağlı isə 23,2 milyon manat vəsait nəzərdə tutulub. Qeyd olundu ki, məktəbəqədər təhsil müəssisələrində ərzaq təminatının yaxşılaşdırılması üçün növbəti ilin dövlət büdcəsində əlavə olaraq 47 milyon manat vəsait ayrılacaq. 2019-cu ilin dövlət büdcəsində qaçqınların və məcburi köçkünlərin sosial-məişət və mənzil təsərrüfat məsələlərinin idarəedilməsi üçün 6,1 milyon manat vəsait nəzərdə tutulub. Bu isə 2018-ci illə müqayisədə 49 faiz çoxdur. Müzakirələr zamanı çıxış edən millət vəkilləri bəzi təkliflər də səsləndirdilər. Büdcə və büdcə zərfinə daxil qanun layihələri Milli Məclisin plenar iclasında müzakirə olunduqdan sonra verilən təkliflərə baxılması üçün hökumətə vaxt veriləcək.