Bölgələr

Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan avtomobil yolları yenidən qurulur

07-11-2018 | 15:31        

  

Dövlət başçısnın sərəncamları ilə Respublikada yolların infrastrukturu yenilənməkdə davam edir. Bu il 1200 kilometr yol çəkilib. Hədəf isə 2 min kilometrdir. Bundan başqa 600 kəndin yolları abadlaşdırılır. Hədəfə çatmaq üçün dövlət başçısının tapşırıqları uğurla icra edilir. Bu çərçivədə icra olunan layihələrdən daha biri 42 km uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulmasıdır.

Daha bir sərhəd yolunun yenidən qurulması üzrə işlər yekunlaşmaq üzrədir. Söhbət Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən 3 istiqamətli avtomobil yollarından gedir. Birinci istiqamət - Zaqatala dəmir yolu stansiyası avtomobil yolu, ikinci istiqamət - 24 km uzunluğa malik yaşayış məntəqələrini birləşdirən yollar və üçüncüsü isə yaşayış məntəqələrinin daxili yollarıdır. Layihəyə uyğun olaraq yollar boyu mövcud asfalt-beton örtüyü sökülərək daşınıb, yararsız yol əsası və torpaq yatağı qazılaraq çıxarılıb və kənarlaşdırılıb. Qazılan hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün xüsusi qrunt gətirilərək yayılıb və kipləşdirilib. 23 ədəd dəmir-beton suötürücü borular quraşdırılıb, 2 nöqtədə dördbucaqlı su keçidi  inşa edilib. Tikinti norma və qaydalarına uyğun olaraq növbəti mərhələdə aparılır.

Yaşayış məntəqələrini birləşdirən yolda yerləşən iki mövcud avtomobil körpüsündə yararsız körpü məhəccərləri yenisilə əvəzlənib. Layihənin sonuncu mərhələsi üzrə çiyin hissələr optimal-qırmadaş materialı ilə bərkidiləcək, 33 yol birləşməsi əsaslı şəkildə təmir ediləcək, 12 nöqtədə avtobus dayanacağı inşa ediləcək. Bundan başqa 42 km uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yeni və müasir yol infarstrukturu da yaradılacaq.