Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

07-11-2018 | 11:14        

  

Frans Timmermans Avropa Komissiyasının rəhbəri postuna namizədliyini irəli sürmək niyyətindədir

Niderlandın sabiq xarici işlər naziri, hazırda Avropa Komissiyasının birinci vitse-prezidenti olan Frans Timmermans komissiyanın rəhbəri postuna namizədliyini irəli sürmək niyyətindədir. “Sosialist və demokratların proqressiv alyansı” fraksiyasının toplantısından əvvəl çıxış edən Timmermans bildirib ki, 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə Avropanı parçalamaq istəyən qüvvələrə qarşı proqram təqdim olunmalıdır. Aktual mövzular arasında o, iqlim dəyişikliyi, texnoloji inkişaf, sosial standartların aşağı düşməsini qeyd edib. Avropa Komissiyasının rəhbəri postu uğrunda mübarizədə Frans Timmermansın rəqiblərindən birinin alman siyasətçi Manfred Veberin olacağı ehtimal edilir. Veber namizədliyini hazırda Avropa Parlamentində əksər yerlərə sahib olan Avropa xalq partiyasından irəli sürmək niyyətindədir. Qeyd edək ki, Avropa Parlamentinə seçkilərdən sonra Avropa İttifaqı Şurası komissiyanın rəhbəri postuna namizədi təqdim edir. Bundan sonra həmin şəxsin namizədliyi parlamentin əksər üzvləri tərəfindən qəbul edilməlidir. 

Malta sahillərində 149 miqrant xilas edilib

Afrikadan Avropaya miqrant axını davam edir.  Aralıq dənizinin Malta sahillərində təhlükəsizlik normasına cavab verməyən qayıqdan 149 miqrant xilas edilib. Xilasetmə əməlliyyatına Malta Silahlı Qüvvələrinə məxsus nəqliyyat vasitələri cəlb olunub. Sahilə çıxarılan qaçqınlar paytaxt Valettaya göndəriliblər. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə ilin əvvəlindən  Aralıq dənizi  ilə Avropaya  çatan miqrantların sayı 100 mini keçib. Bu müddət ərzində açıq dənizdə baş verən qəzalarda 2 mindən çox  miqrant həlak olub.

Yetkinlik yaşına çatmayanlar üçün islah müəssisəsində qiyam və yanğın baş verib

Avstraliyanın Darvin şəhərində yetkinlik yaşına çatmayanlar üçün islah müəssisəsində qiyam və güclü yanğın baş verib. Yeniyetmə məhbuslar penitensiar müəssisənin iki əməkdaşına hücum edərək qaçmağa cəhd ediblər. Onların əllərində bıçaq və tezalışan maye olub. Alov saxlama mərkəzinin iki binasına yayılıb. Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. İslah müəssisəsindən məhbuslar təxliyə olunub. Polis həbsxanadan qaçmağa çalışan 14-17 yaş arası qiyamçıları saxlayıb. İnsident nəticəsində penitensiar müəssisənin 1 əməkdaşı yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Aviazərbələr nəticəsində 4 nəfər həlak olub

Koalisiya qüvvələrinin Yəmənin Hudeydə əyalətində Husi qiyamçılarına qarşı keçirdiyi hava əməliyyatları mülki şəxslərin ölümü ilə nəticələnib.  Aviazərbələr nəticəsində 4 sakin həlak olub, bir azyaşlı yaralanıb. Daha 4 mülki şəxs artilleriya zərbələri endirilməsi nəticəsində  xəsarət alıb. Hudeydə əyalətində döyüşlərin şiddətlənməsi ölkədə davam edən humanitar böhranı daha da dərinləşdirib. Humanitar yardımlarla dolu olan yük avtomobilləri silahlı toqquşmalarla əlaqədar Hudeydə limanını  tərk edə bilmir. Xatırladaq ki, BMT yaxın gələcəkdə Yəməndə aclıqla mübarizə aparan vətəndaşların sayının 14 milyona çata biləcəyi ilə bağlı xəbərdarlıq edib.