Xarici xəbərlər

Ermənistanda sosial problemlər kütləvi etirazları gücləndirib

07-11-2018 | 11:08        

  

Ermənistan hökuməti ölkənin illərdir üzləşdiyi dərin iqtisadi böhrandan çıxış yolu tapa bilmir. İqtisadi tənəzzül əsasən ucqar kəndlərdə yaşayışı dözülməz edib. Bu da kütləvi etirazları gücləndirib.

Ermənistanda uzun müddətdir davam edən böhran ucqar kəndlərdə yaşayışı dözülməz edib. Xaçik kəndinin sakinləri də iqtisadi tənəzzülünün qurbanına çevriliblər. Sakinlərin sözlərinə görə kredit  təşkilatından birinə küllü miqdarda  borcları yaranıb. İki ilə yaxındır ki, götürdükləri pulu qaytara bilməyən kəndlilər çıxış yolunu hökumətə mürcaiətdə görüblər. Onlar həm də kəndin yollarının abadlaşdırılmasını, normal infrastruktur yaraılmasını, iş yerləri açılmasını tələb edirlər.  Ermənistanın Ararat şəhərində fəaliyyət göstərən Qızıl emalı zavodunun işçiləri isə tətil elan ediblər. Müəssisənin əməkdaşları aylarla məvaciblərinin gecikdirilməsindən, fəhlələrlə davranışdan narazıdırlar. Belə ki, zavodun təhlükəsizlik xidməti əvvəlcə qiymətli filizi gizlədir, sonra onu guya aşkar edərək mükafat alır, günahsız işçilər isə cəzalandırılırlar. Üstəlik fəhlələrin 13 saat işləməklərinə baxmayaraq, 8 saat üçün  əməkhaqqı ödənilir. Ararat vilayətinin  Çimənkənd kəndinin sakinləri isə icra nümayəndəsi Rafik Andresyanın  istefasını tələb edirlər. Sakinlərin sözlərinə görə, 19 ildir  icra nümayəndəsi olan bu şəxs,  kənd üçün heç bir  iş görməyib.  Vayotdzor vilayətinin sakinləri isə qubernatorluq binasının qarşısında toplaşıb. Etirazçılar bildirir ki, ətraf kəndlərdəki yüzlərlə ailə  çörəksiz qalıb. Ərazidəki Amulsar qızıl mədənində çalışanlar stabil əməkhaqqına ümid edərək  kredit götürüb və çıxılmaz vəziyyətə düşüblər. Vayotsdzor vilayətinin sərhədyanı  Almalı  yaşayış məntəqəsinin sakinləri də sosial problemlərdən şikayətçidirlər. 514 sakini olan kənddə əsas iş yeri müqaviləli hərbi xidmətdir. Kəndin 50-dən artıq sakini müqaviləli hərbi qulluqçudur. Almalıda bundan başqa iş də yoxdur. Yolların bərbad vəziyyətdə olması səbəbindən kənd sakinləri istehsal etdikləri az miqdarda məhsulu satmaqda çətinlik çəkirlər. Tədarükçü şirkətlər isə kəndə gəlmək istəmirlər. Kənd icmaları birləşdirildikdən sonra Xndzorut yaşayış məntəqəsi  Zaritap kənd  icmasına daxil edilib. Ancaq Xndzorutdan nə Zaritapa, nə də vilayət mərkəzinə ictimai nəqliyyat işləmir. Kənd qazlaşdırılmayıb, dəfələrlə aidiyyatı qurumlara müraciət edilib, amma nəticə olmayıb. Sakinlər qaz olsa belə, isinə bilməyəcəklərini deyirlər. Çünki onların sosial vəziyyəti qazdan istifadə etməyə imkan vermir.