Analitika

Azərbaycan tolerant ölkə kimi nümunə göstərilir

06-11-2018 | 11:43        

  

Dünyanın irqi, dini, milli ayrıseçkilikdən əziyyət çəkdiyi indiki mərhələdə Azərbaycan öz tolerant ənənələri ilə seçilir. Şübhəsiz, tarixən gələn bu dəyərlər beynəlxalq aləmin də diqqətini çəkir, müxtəlif mərkəzlər, dövlət və din xadimləri, siyasi, ictimai ekspertlər Azərbaycanın multikultural ənənələrini şərh edir, nümunə olaraq göstərir. 

Məsələn, dünən Roma papası Fransisk bu gün Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edərkən Azərbaycan nümunəsini ehtiramla diqqətə çatdırıb.
Roma papası ümid etdiyini bildirib ki, antisemitizm bütün dünyada məhv ediləcək: “Mən hər zaman yəhudilərlə katoliklər arasında qardaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan dostluğun vacibliyini qeyt etmək istəyirəm. Mən hər şeyə görə, o cümlədən dostluğumuza görə təşəkkür etmək istəyirəm”.

Bununla bağlı danışan Papa Fransisk Azərbaycanı xatırlayıb:

“Azərbaycanda gözəl dinlərarası görüşləri xatırlamaq istərdim ki, burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, nizəni milə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq”.

***

Moskva Patriarxatının xarici kilsə əlaqələri şöbəsinin sədri Arximandrid Filaret isə Madriddə keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransda Azərtac-a müsahibəsində bu sözləri deyib: “Azərbaycan bizə dinlərarası dialoqun çox gözəl nümunəsini təqdim edir. Qeyd edim ki, Azərbaycanda islam icması ilə pravoslav yeparxiyası arasında yaxşı münasibətlər mövcuddur. Bu, sadəcə dostluq münasibətləri deyildir, bu münasibətlər insanların dini etiqadından asılı olmadan bütün Azərbaycan cəmiyyətinə ümumi xidmətə yönəlib. Dini icmalar da insanların rifahı ilə bağlı ümumi nöqteyi-nəzərə əsaslanaraq əməkdaşlıq edirlər”.

Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, RF İctimai Palatasının üzvü Albir Krqanov da Azərbaycan nümunəsinə rəğbətini dilə gətirib: “Sovet dövründə bu cür tədbirlər partiyanın tapşırığı ilə keçirilirdi. Amma bu gün Azərbaycanın bu sahədə gördüyü işləri ictimai qurumların, dini təşkilatların hakimiyyət orqanları tərəfindən dəstəklənən təşəbbüsü adlandırardım.
“Bu tədbir Azərbaycanın müxtəlif dövlətlərdə keçirdiyi tədbirlərdə mənim heç də ilk iştirakım deyildir. Mən hər dəfə müasir problemlərin sosial zəmində həlli üçün məkan olan bu cür tədbirlərə böyük marağın şahidi oluram.

Belə tədbirlərin təşkili dövlətin dayanıqlı inkişafının göstəricisidir. Dövlət nə qədər dinamik inkişaf edirsə, bir o qədər çox dialoq qurur, müxtəlif mədəniyyətlərlə, dinlərlə ünsiyyətə girməkdən çəkinmir. Bu, sivilizasiyalararası dialoqdur. Bu gün beynəlxalq konfransda da söhbət bu barədə gedib. Bu da Azərbaycan hakimiyyətinin kamilliyini təsdiq edir”.

Vüsal Məmmədov