Cəmiyyət

Qaradaq rayonunun Səngəçal-Çeyildağ avtomobil yolu yenidən tikilir

05-11-2018 | 15:40        

  

Qaradaq rayonunda Səngəçal-Çeyildağ avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Yol 2 hərəkət zolaqlı olmaqla dördüncü  texniki dərəcəyə uyğun inşa edilir.

Yenidən qurulan Səngəçal-Çeyildağ avtomobil yolunun ümumi uzunluğu 24 kilometrdir. Ərazidə ağır tonnajlı yük maşınların hərəkəti yolun əsasında və üst örtüyündə dağılmalara, çökmə və qabarmalara səbəb olmuşdu. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Məhz bu problemlərin aradan qaldırılması və 2 qəsəbənin 6 minə yaxın sakininin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolda yenidənquma işlərinə başlanıb. Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla dördüncü  texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6, çiyinlərin eni isə 2 metrdir. Yenidənqurma işlərinə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr qaldırılıb, hündür hissələr isə aşağı salınıb. Bundan başqa yolun normativ eninin alınması məqsədi ilə torpaq yatağının genişləndirməsi  və dağ yamaclarının kəsilməsi işləri də aparılıb. Yol boyu 38 ədəd müxtəlif diametrli suötürücü borular var. Lakin borular köhnəldiyindən bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətinə salınmasına zərurət yaranmışdı. Ona görə də köhnə borular sökülərək, yerində müxtəlif diametrli yeni dəmir-beton borular tikilib. Bundan başqa yol boyu yeraltı kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün keçid borular da atılıb. Torpaq işləri tam olaraq bitəndən sonra asfaltlanması işlərinə başlanılıb. Yola 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir. 7 metr enə malik asfalt-beton örtüyün 150 min kvadratmetrdən çox hissəsində işlər yekunlaşıb.

Səngəçal-Çeyildağ avtomobil yolunda tikinti işlərin yaxın aylarda tam olaraq yekunlaşdırılacaq və istismara veriləcək.