Analitika

Turizm sahəsində yeni mərhələ

05-11-2018 | 11:13        

  

Azərbaycan turizm potensialının tam olaraq realizə edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkəmizin dünyada maraqlı turizm ölkəsi kimi tanınması, infrastrukturun möhkəmləndirilməsi, eləcə də nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, viza, gəliş-gedişin sadələşdirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və s. görülən başlıca tədbirlərdir. Bir müddət öncə, 2023-cü ilə qədər turizmin inkişafı strategiyası təsdiq edilib. 

Strategiya Azərbaycanın dünyanın ən cazibədar ölkələrindən birinə çevrilməsini və  turizmin 9 əsas istiqamətinin həyata keçirilməsini nəzərdə tutur. Azərbaycanın Turizm Bürosunun İcraçı Direktoru, Turizm üzrə Dövlət Agentliyinin Baş Məsləhətçisi Florian Zenqqstşmid: “Bunlar turizm siyasəti, turizm sektorunun inkişafı və araşdırılması, innovativ texnologiyaların tətbiqi, hüquqi çərçivələr və vergilər, infrastrukturun inkişafı, dövlət-özəl əməkdaşlıq və turizm təcrübələrinin tətbiq edilməsi, brend, marketinq və kommunikasiya, təhsil və turizm tədrisi kimi fəaliyyət istiqamətləridir”. Onun sözlərinə görə, strategiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkəyə turist axınının artmasına imkan verəcək.

Turizm Agentliyi çoxspektrli işləyəcək

2018-ci ilin aprelində Dövlət Turizm Agentliyinin yaradılması dövlətin qeyri-neft sektorunun bu sahəsinə nə qədər böyük önəm verdiyinin ifadəsi idi. Agentlik qarşısında olduqca mühüm vəzifələr durur: Azərbaycan Respublikasının turizm brendinin formalaşdırılması və təşviq edilməsi, turizm xidmət sahələrinin infrastrukturunun, maddi-texniki bazasının, hüquqi və praktik bazasının möhkəmləndirilməsi, inkişaf etdirilməsi, sağlamlıq, idman, dağ və qış turizmi, mədəni, ekstremal, işgüzar, ekoloji turizm, çimərlik, ov turizmi və digər turizm növlərinin inkişafının təmin edilməsi, turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunun təşviq edilməsi,  turizm sahəsində sahibkarlığın inkişafına dair tədbirlər və s.

“Yeddi ay ərzində dövlətimizin başçısının bizə göstərdiyi etimadı doğruldaraq bir sıra işlər görmüşük. İşimizi Prezidentin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi siyasətə uyğun qurmuşuq. Son bir neçə ildə ölkə turizmi uğurlu yol keçib. Lakin yeni turizmin imkanlarını geniş auditoriyaya təqdim etmək üçün çox işlər görməliyik. Bizim üçün şəffaflıq əsasdır. Bu gündən ölkəmizin turizm potensialının inkişafında yeni mərhələnin əsası qoyulur.”.
Bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
F.Nağıyev qeyd edib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır. Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb.

Ölkəmizə gələn turistlərin sayı nə qədər artıb?

Bəli, bu gün Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizə gələn turistlər bu faktı birmənalı şəkildə qeyd edirlər. Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Hazırda bu strategiya sənədindən irəli gələn tədbirlər uğurla icra edilir.
Bu, özünü ölkəmizə gəən turistlərin sayının artımında da göstərir.
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 2 mln. 208,6 min turist gəlib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumatında deyilir.

“Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycana 6,4% çox əcnəbi gəlib. Gələnlərin 31,2%-i Rusiya Federasiyası, 19,8%-i Gürcüstan, 9,2%-i İran, 10%-i Türkiyə, 3,3%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarıdır”, - deyə məlumatda bildirilir.

Gələnlərin 65,3%-ni kişilər, 34,7%-ni isə qadınlar təşkil edib. “Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Belə ki, ölkəmizə gələn Bəhreyn vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının sayı 1,7 dəfə, İraq vətəndaşlarının sayı 14,4%, Oman vətəndaşlarının sayı 7,6 dəfə artıb”, - Komitədən qeyd ediblər.

Eyni zamanda, cari ilin yanvar-sentyabr aylarında Azərbacana səfər edən Iran vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 32,7%, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,7% azalıb.

2018-ci ilin yanvar-iyun aylarında MDB ölkələrindən gələnlərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 4,7% - 813,7 min nəfərədək artıb. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 88,9 min nəfər olub (artım 8,9%).

Hesabat dövründə Azərbaycana gələn turistlərin 56,1%-i dəmir yolu və avtomobil, 42,9%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1% artaraq 3 mln. 562,9 min nəfər olub. Eyni zamanda, ölkə vətəndaşlarının 30%-i İrana, 30,3%-i Gürcüstana, 19,4%-i Rusiya Federasiyasına, 13,2%-i Türkiyəyə, 1,6%-i Ukraynaya, 1%-i Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

“Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,3%-i dəmir yolu və avtomobil, 18,9%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib”, - deyə məlumatda bildirilir.