Mədəniyyət

CNN telekanalı “Əbədi məşəl: Azərbaycan necə Odlar yurdu oldu?” adlı reportaj yayımlayıb

02-11-2018 | 08:39        

  

Dünyanın nüfuzlu telekanallarından olan CNN-in saytında “Əbədi məşəl: Azərbaycan necə Odlar yurdu oldu?” sərlövhəli reportaj yayaımlanıb. Sujet “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna həsr edilib.

Bu məşəl dörd min əvvəl alovlanıb və heç vaxt sönməyib. Hətta yağış, qar və külək də onu söndürə bilmir. CNN telekanalının hazırladığı “Əbədi məşəl: Azərbaycan necə Odlar yurdu oldu?” adlı reportaj bu cümlələrlə başlayır. Azərbaycan haqqında mütəmadi sujetlər yayımlayan telekanal növbəti reportajını, Azərbaycanın “vizit kartı” sayılan iki məkana – “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna həsr edib. Vurğulanır ki, dağın yamacının 10 metrlik hissəsində alovlanan məşəl qızmar havanı daha da isti edir. Yanardağ Abşeron yarımadasında yerləşir və minilliklər ərzində Azərbaycana səyahət edənlərin marağına səbəb olan bir neçə kortəbii alov mənbələrindən biridir. Hələ XIII əsrdə italyan səyyahı Marko Polo bu sirli möcüzədən yazıb. Əcnəbi tacirlər getdikləri ölkələrdə əbədi məşəldən bəhs ediblər. Məhz bu səbəbdən Azərbaycan “Odlar yurdu” adlandırılıb. Unikal təbiət möcüzəsi olan Yanardağ Abşeron yarımadasının görməli məkanlarındandır. Bakıdan 27 kilometr şimalda, Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşən Yanardağın ətəyindən alov təxminən on metr eninə - əhəngdaşılı təpədən yüksəlir. Alovun dili təpənin ətəyindəki çıxıntının üzərində olan qumların arasındakı məsamələrdən çıxır. Yanardağla bağlı çoxlu əfsanə mövcuddur. Qədim zamanlarda Hindistan və İrandan atəşpərəstlər bura axın edirdilər. Reportajda Azərbaycanda zərdüştlüyün yaranması tarixindən də söz açılır. Sonda məlumat verilir ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu turizm baxımından əhəmiyyətli və cəlbedicidir.