Siyasət

Azərbaycan-Macarıstan Biznes-Forumu keçirilib

11-11-2011 | 16:49        

  

 

 Oktyabrın 11-də Bakıda Azərbaycan-Macarıstan Biznes-Forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstan Prezidenti Pal Şmit forumda iştirak ediblər.  Prezident İlham Əliyev Azərbaycan-Macarıstan biznes forumunu hər iki ölkənin iqtisadi imkanlarının bir-birinə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Dövlət başçısı əmin olduğunu vurğulayıb ki, iqtisadi əlaqələrin güclənməsi özlüyündə bütün sahələrdəki əlaqələrə müsbət təsir göstərəcək. “Bugünkü biznes-forumun başlıca məqsədi ondan ibarət olmalıdır ki, hər iki ölkənin iqtisadi imkanları təqdim edilsin” deyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi imkanları barədə danışıb. “Azərbaycanın iqtisadi inkişafı planlı şəkildə həyata keçirilir” deyən dövlət başçısı bildirib ki, ölkəmizin ümumi daxili məhsulunda özəl sektorun payı 80 faizdən yuxarıdır və Azərbaycan köklü iqtisadi islahatları artıq başa çatdırıb, Azərbaycanda gələn illərdə görüləcək işlər haqqında konkret sənədlər və layihələr mövcuddur. Prezident İlham Əliyev onu da vurğulayıb ki, təkcə keçən il Azərbaycan iqtisadiyyatına 16 milyard dollardan çox sərmayə qoyulub və MDB məkanında birbaşa xarici sərmayələrin həcminə görə ölkəmiz qabaqcıl yerlərdədir. Son 15 ildə isə Azərbaycan iqtisadiyyatına bütövlükdə 100 milyard dollardan çox sərmayə qoyulub. Hazırda Azərbaycanın əsas məqsədlərdən biri iqtisadiyyatın şaxələndirilməsi, energji amilindən asılılığın azaldılmasıdır. Prezident İlham Əliyev Macarıstan şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə investor kimi iştirak etməsi üçün heç bir problemin olmadığını diqqətə çatdırıb.

Biz bunu əlbəttə ki, alqışlayırıq və alqışlayacağıq. Burada birgə müəssisələr yaradıla bilər. Macarıstan kapitalı ilə təmin edilmiş müəssisələr yaradıla bilər ki, bu müəssisələr həm Azərbaycanın artan bazarını təmin edə biləcəklər, eyni zamanda qonşu ölkələrə də Azərbaycanda istehsal olunan məhsul ixrac edilə bilər. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə iqtisadi sahədə əməkdaşlığımız çox uğurludur. Yəni həm Azərbaycan bazarı, həm qonşu ölkələrin böyük bazarları burada yaradılacaq birgə müəssisələrin işləməsi üçün yaxşı şərait yarada bilər. Və qeyd etdiyim kimi Azərbaycanda reallaşan müxtəlif infrastruktura layihələrində Macarıstan şirkətləri iştirak etməlidirlər, biz bunu alqışlayırıq və əminəm ki, bu gün burada deməli veriləcək məlumatlar, təqdimat kifayət qədər dolğun olacaq ki, bu da Macarıstan şirkətləri üçün köməklik göstərə bilər”.

Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində Macarıstan təcrübəsindən yararlanmaq istəyir. Azərbaycanın enerji potensialından danışan dövlət başçısı bildirdi ki, hazırda ölkəmiz  dünyada qaz ölkəsi kimi tanımır və bu sahədə potensial kifayət qədər böyükdür. “Azərbaycanda aşkar edilmiş nəhəng qaz yataqları özümüzü və tərəfdaşlarımızı ən azı 100 il mavi yancaqla təmin etməyə imkan verir” deyən Prezident İlham Əliyev əminliyini bildirib ki, növbəti illərdə Azərbaycan qaz sahəsində Macarıstanla və digər Avropa ölkələri ilə səmərəli əməkdaşlıq quracaq.

Macarıstan Prezidenti Pal Şmit ölkəmizə səfərindən razı qaldığını deyərək Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərdən məmnun olduğunu dedi. Qafqazda vəziyyətin sabit olmasının olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq Azərbaycan bu regionun mühüm ölkəsi olduğunu deyib. Prezident Pal Şmit: “Azərbaycan bizim üçün strateji tərəfdaşdır, bizim münasibətlərimizdə heç bir problem yoxdur. Münasibətlərimizdə, əlaqələrimizdə onları əngəlləyən hər hansı bir meyar mövcud deyildir. Biz hesab edirik ki, məqsədimiz məhz müxtəlif sahələrdə əməkdaşlıq etməkdir. Biz olduqca maraqlıyıq ki, iki tərəf arasında birbaşa əməkdaşlıq aparılsın, ticarət palatalarımız əməkdaşlıq etsin və hər iki tərəfin birbaşa imkanları olsun və biz mütləq olaraq bunun üçün şərait yaratmalıyıq...Eyni zamanda, sərmayələrin qorunması ilə bağlı və ikiqat vergi tutmanın aradan qaldırılması ilə bağlı sazişlər artıq qüvvəyə minir və bizim dövlətlərin hökumətlərarası sazişləri də artıq işləyir. Bu gün səfər çərçivəsində daxili işlər nazirliyi, müdafiə nazirliyi və vergilər sahəsində sazişlər imzalanmışdır”.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin 2010-cu ildə 10 milyon dollara, 2011-ci ildə bu rəqəmin 78 milyon dollara çatdığını deyən Macarıstan Prezidenti bunu böyük tərəqqi adlandırdı. Biznes forumun hər iki ölkənin işgüzar dairələri arasında birbaşa təmaslar üçün əhəmiyyətli olduğunu deyən Pal Şmit ölkəsinin Azərbaycanın qeyri-neft sektorunda həyata keçirdiyi layihələrə xüsusi diqqətlə yanaşdığını bildirib. Vurğulayıb ki, Macarıstan şirkətləri maşınqayırma, elektronika, biotexnologiyalar, informasiya texnologiyaları, logistika məsələlərinə xüsusi əhəmiyyət verir. Qeyd edək ki, tədbirdə hər iki ölkədən kənd təsərrüfatı və qida sənayesi, tikinti və əmlak, sənaye, maliyyə və bank, ticarət, səhiyyə, nəqliyyat, kimya sənayesi və digər sahələrdə fəaliyyət göstərən 250-yə yaxın iş adamı iştirak edib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (01.10.2016) :
Buludlu Gecə : +13+15 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR